Sosial

Almatıda “Qərbi Azərbaycana Qayıdış Çağırışları” mövzusunda forum…


Qazaxıstanın Almatı şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları” adlı tədbir keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, forum Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi, UNESCO-nun Qazaxıstan nümayəndəliyi, Dünya Axısxa Türkləri Birliyi (DATÜB), “İpəkyolu” İctimai Diplomatiya Vəqfi və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə baş tutub.

Azərbaycanın Qazaxıstandakı səfirliyinin Almatı şəhərindəki nümayəndəsi Anar Hüseynzadə Qazaxıstanın Vətən müharibəsi dövründə nümayiş etdirdiyi mövqedən danışıb. O, rəsmi Astananın Azərbaycanın ərazi bütövlüyünə göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini vurğulayıb. Diplomat Azərbaycan-Qazaxıstan münasibətləri çərçivəsində həyata keçirilən layihələr barədə də məlumat verib.

Türkiyənin Almatı şəhərindəki baş konsulu Evren Müderrisoğlu da türk birliyinin əhəmiyyətinə diqqət çəkib. Qeyd edib ki, Türk dünyasının böyük şəxsiyyəti Ulu Öndər Heydər Əliyev öz müdrikliyi və geniş dünyagörüşü ilə yaşadığı dövrün fövqündə dayanmış bir lider idi.

Milli Məclisin deputatı Naqif Həmzəyev Qərbi azərbaycanlıların dədə-baba torpaqlarından qovulmasından bəhs edib. Bildirib ki, Azərbaycan sərhədlərinin yaxınlığında soydaşlarının yaşadığı yeganə ölkədir.

UNESCO-nun Mədəniyyətlərin Yaxınlaşdırılması Mərkəzinin sədri, yazıçı Oljas Süleymenov video çıxışında Heydər Əliyevin Azərbaycan və dünya üçün əhəmiyyətindən danışıb. O, Ulu Öndərin şəxsiyyətindən öyrəniləcək çox şey olduğunu bildirib.

Xalq şairi Sabir Rüstəmxanlı müstəqil türk respublikalarının inkişafını vurğulayaraq, Qərbi Azərbaycana qayıdışla bağlı tədbirlərin bir çox ölkədə keçirildiyini bildirib. O, Qazaxıstanın didərgin millətlər üçün ikinci vətənə çevrildiyini qeyd edib.

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Aqil Ələsgər Qərbi Azərbaycana dönüşün Qarabağa dönüş kimi reallaşacağına inamını ifadə edib.

Sonra “Axısxa” qəzetinin baş redaktoru Rövşən Məmmədoğlunun moderatorluğu ilə “Türk dünyasında yeni çağırışlar” adlı panel keçirilib.

Paneldə “Goodwill AqNiet” İctimai Fondunun direktoru Adlet Kumar, Turan Universitetinin Beynəlxalq Münasibətlər və Diplomatiya Ali Məktəbinin direktoru Altınay Tuleuvna Muxambedyarova və “Qazaxıstanın Art Forumu” Beynəlxalq Yaradıcılıq Təşkilatının baş direktoru Yernazar Gimarat iştirak ediblər. Panel müzakirələrində Türk Dövlətləri Təşkilatının fəaliyyəti və türk respublikaları arasındakı əməkdaşlıq imkanları müzakirə olunub.

Forum çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş sərgi də təşkil olunub. Sərgidə Heydər Əliyevin Mərkəzi Asiya və türk respublikaları ilə bağlı siyasətini əks etdirən görüntülər, eləcə də Qərbi Azərbaycandakı mədəni-tarixi irsimizə dair fotolar nümayiş olunub.