“İki ölkə arasında münaqişəli vəziyyət və çəkişmələr ciddi xarakter alıb”
“Pakistanla Hindistan arasında gedən münaqişəli vəziyyət və çəkişmələr ciddi xarakter alıb. Sərhəd boyunca hər iki ölkənin qüvvələri cəmlənib”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Onun sözlərinə görə, digər tərəfdən Pakistan Hindistana qabaqlayıcı zərbələr endirib. Əlbəttə bu irimiqyaslı bir müharibəyə çevrilə bilən bir münaqişəli vəziyyətdir: “Pakistan hərbi komandanlığı xəbərdarlıq edib ki, lazım gələrsə nüvə başlıqlarından da istifadə olunacaq. Məsələ ondadır ki, bu proseslərin hamısını biz görürük ki, münaqişəli vəziyyətlərin kökündə nahaqlıq dayanıb. Yəni qaydaların kobud pozuntusu dayanıb. Məsələn, Kəşmir vilayəti tamamı müsəlmanlardan ibarət əhalisi olan bölgədir və Hindistanı dini prinsiplə bölünəndə ingilislərin ucbatından balans pozulmuşdu və bu ərazini heç bir əsası olmadan Hindistana bağlamışdılar. Halbuki Hindistanda hinduların sayı qat-qat müsəlmanlardan çox idi. Bu proseslərdə Azərbaycan öncül rol oynadı. Yəni Ermənistanın dərsini verməklə, öz ərazi bütövlüyümüzü bərpa etməklə demək olar ki, biz arzu olunan, rasional bir şərait yaratdıq. Əminliklə deyə bilərəm ki, bu məsələni Kəşmirədə aid etmək olar. Artıq bu məsələ o tərzə gəlib çatıb və o dərəcəyə yetişib ki, artıq bunun bir həllini tapmaq lazımdır. Cəm-Kəşmir qeyri-şərtsiz Pakistana birləşdirilməlidir, qatılmalıdır. Xüsusilə biz yada salsaq ki, Hindistan orada yaşayan insanların hüquqlarını gecə və gündüz necə pozur, onlara diskomfort həyat yaşadır, hətta adlarını dəyişdirirlər. Onlara hindu adları verirlər və bunlar hamısı yolverilməz qayda pozuntularıdır və onlarla barışmaq olmaz. Ona görə də, indiki halda Azərbaycanın dünya qanunvericiliyinə tələb olunan və normalara uyğun hərəkətləri indi Pakistanın özünü də hərəkətə sövq edir. Düşünürəm ki, Pakistan Hindistan arasındakı müharibə Pakistanın üstünlüyü ilə nəticələnəcək”.