Siyasət

“Prezidentin Qarabağa hər səfəri böyük hadisə ilə yadda qalır”


“Cənab Prezident İlham Əliyevin Qarabağa hər səfəri böyük hadisə ilə yadda qalır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, səfərlər çərçivəsində həm müxtəlif inzibati, yaşayış binalarının açılışı olur, təməlqoyma mərasimləri keçirilir: “Bütün bu hadisələr və Qarabağın yeni tarixinə yazılan səhifələr qələbəmiz və cənab Prezidentin müdrik siyasəti ilə bağlıdır. Xüsusilə, Qarabağ və Şərqi Zəngəzurda açılışı olan müəssisələr Azərbaycan iqtisadiyyatına töhfə verir, yeni iş yerlərinin yaradılmasına səbəb olur, bölgənin inkişafını stimullaşdırır, bölgəyə sərmayənin cəlbediciliyini artırır.

Xüsusilə vurğulamaq lazımdır ki, Ağdamda Muğam Mərkəzinin, Mədəniyyət evinin istifadəyə verilməsi bölgədə incəsənət, mədəniyyətin inkişafına xidmət etməklə yanaşı, yeni-yeni səslərin, yeni nəfəsin formalaşmasına təkan verəcək.

Qarabağ hər zaman bizim musiqimizin beşiyi sayılmışdır. Qarabağdan dünya şöhrətli xanəndələr, bəstəkarlar, musiqiçilər çıxıb. Qarabağda püxtələşiblər, böyük sənətkarların yanında təlim-tərbiyə alıblar. Bu ənənə davam etdiriləcək. Bu, çox mühüm hadisədir. Çünki vaxtilə birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın muğam sahəsinə verdiyi böyük dəstək, töhfəylə bizim köklü tarixi sənətimiz, muğamımız daha da inkişaf etdi, şaxələndi, beynəlxalq nufuz qazandı. Bu gün də Qarabağ torpağında yeni xanəndələrin formalaşması üçün Ağdamda istifadəyə verilən mərkəzin müstəsna əhəmiyyəti var. Konsert gedişində cənab Prezidentin üzündəki təbəssüm, qürur, fəxarət bütün dünya azərbaycanlılarının ürəyini doldurdu. Hesab edirəm ki, bundan sonrakı qələbə tariximizdə ancaq bizi sevinc gözyaşları və Zəfərimizin yaratdığı əhval-ruhiyyə bürüyəcək”.