Dünya

Rusiya 30 günlük atəşkəslə razılaşmasa…





Avropa İttifaqı “Şimal axını 2”ni birdəfəlik əngəlləməyə hazırdır…



…Ukraynanın avropalı müttəfiqləri Kremli 30 günlük atəşkəslə razılaşmasa, Rusiyaya qarşı yeni sanksiyalar, o cümlədən “Şimal axını 2” qaz kəmərinin daimi olaraq bloklanacağı ilə hədələyiblər.

SİA-nın məlumatına görə, bu barədə “The Wall Street Journal” yazır.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen cümə günü Brüsselə səfəri zamanı Almaniyanın yeni kansleri Fridrix Merz ilə “Şimal axını 2” ilə bağlı sanksiyalar ideyasını müzakirə edib.

Məqalədə qeyd olunur ki, bu addım Avropa İttifaqına üzv olan bütün dövlətlərin dəstəyini tələb edəcək. Məhdudiyyətlərin Rusiya atəşkəs razılaşmasından imtina etməsi və ya atəşkəsi pozması halında tətbiq edilməsi nəzərdə tutulur.

“The Wall Street Journal” yazır ki, Rusiya ABŞ administrasiyası ilə danışıqlarda “Şimal axını”nın bərpası məsələsini qaldırıb, lakin məqalədə qeyd olunduğu kimi, Avropa İttifaqının sanksiyaları bu cür səylərin qarşısını alacaq.

Qəzet xatırladır ki, 2014-cü ildə Krımın ilhaqına baxmayaraq tikilən “Şimal axını 2” qaz kəməri Almaniya ilə Rusiya arasında dərinləşən iqtisadi əlaqələrin simvoluna çevrilib. Layihə Ukrayna, Şərqi Avropa ölkələri və boru kəmərinin Almaniyanı Rusiyadan asılı vəziyyətə saldığına inanaraq ona qarşı sanksiyalar tətbiq edən ilk Tramp administrasiyası tərəfindən ciddi şəkildə tənqid olunub.

2021-ci ildə tikintinin başa çatmasına baxmayaraq, Rusiyanın Ukraynaya təcavüzü səbəbindən qaz kəməri heç vaxt sertifikatlaşdırılmayıb.

Nəşr onu da xatırladıb ki, Cozef Bayden administrasiyası layihənin əməliyyat şirkətinə qarşı sanksiyalar tətbiq edib.

Əli Babayev