“Səfərlər mühüm mesajlar verir”
“Prezident İlham Əliyevin tez-tez işğaldan azad edilmiş ərazlərə səfər etməsi siyasi, iqtisadi, demoqrafiya, təhlükəsizlik aspektlərinə görə böyük əhəmiyyət kəsb edir.
Bu səfərlər yalnız daxili siyasətdəki bərpa prosesini dəstəkləmək anlamını deyil, həm də beynəlxalq münasibətlər və Azərbaycanın stateji mövqeyi baxımından mühüm mesajlar verir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib.
Aqşin Kərimov sözlərinə belə davam edib: “Yəni Qarabağ və Şərqi Zəngəzura səfərlər, Azərbaycanın regional və beynəlxalq aləmdəki mövqeyini gücləndirmək məqsədini daşıyır. Bu səfərlər həm də regionda Ermənistana dəstək olan güc mərkəzlərinə açıq şəkildə mesaj verir ki, Azərbaycan yeni reallıqlara uyğun hərəkət edəcək. Bu hərəkətlər isə Prezident İlham Əliyevin qətiyyətinə prinsipiallığına və Azərbaycan Silahlı Qüvvələrinin yüksək peşəkarlığına, arsenalında olan güclü, müasir silahlara istinad olunan məqamdır.
Azərbaycan hökumətinin bu ərazilərdə infrastruktur layihələri həyata keçirməsi və sosial-iqtisadi vəziyyəti yaxşılaşdırması regionda sabitliyi və davamlı inkişafı təmin etməyə yönəlmiş bir addım olaraq qiymətləndirilə bilər.
Eyni zamanda İlham Əliyevin səfərləri işğaldan azad edilmiş ərazilərdə möhkəmlənən müdafiə və təhlükəsizlik infrastrukturunun qabiliyyətini də vurğulayır. Bu, həm də Azərbaycanın regional güc olaraq mövqeyini gücləndirir”.
Ayşən Vəli