Siyasət

“Torpaqlara əsl sahibləri qayıdanda çiçəklənir və inkişaf edir”


“Ermənilər Ağdamı taladılar, dağıtdılar və Qafqazın Hirosimasına çevirdilər. Çünki, onlar bilirdilər ki, bir gün azərbaycanlılar öz doğma yurdlarına qayıdacaqlar. Məhz ona görə də nə qədər mümkündür apardılar. Amma Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuz Ağdamı da, Şuşanı da, Xankəndini də və digər əraziləri düşmənlərdən təmizləyərək ərazilərin suverənliyini təmin etdi”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, bu gün isə Prezdent İlham Əliyevin rəhbərliyi ilə Ağdama və digər ərazilərə yeni ruh, yeni nəfəs qayıdır: “Təbii ki, bunu görülən quruculuq və abadlıq işlərində, öz doma yurdlarına qayıdan keçmiş məcburi köçkünlərin sevinc göz yaşları ilə görünməkdədir.

Bu baxımdan 10 mayda Prezident İlham Əliyev və I vitse-prezident Mehriban xanım Əliyevanın Ağdama səfəri tarixin yeni bir səhifəsinə imza atıldığının təsdiqidir. Torpaqlara əsl sahibləri qayıdanda çiçəklənir və inkişaf edir. Bu baxımdan dövlət başçımızın Ağdamda açılışları etdiyi Dəmir Yolu və Avtovogzal Kompleksi, Muğam Mərkəzi ağdamlıların və Ağdama gələcək qonaqların rahatlığını, və mədəni istirahətini təmin edəcəkdir.

Ağdama ağdamlılarla bir yerdə milli mənəvi dəyərlər, muğam, mədəniyyət, musiqi də qayıdır. Həm də Ağdamın növbəti yaşayış məntəqəsi olan Kəngərli kəndinin birici yaşayış kompleksinin açılışı, bu kənddə yaradılan müasir şərait azad olunmuş torpaqların addım-ba addım cənnətə çevirilməsidir. İnşa olunmuş müasir məktəb, uşaq bağçası, inzibati binalar və s. Kəngərliyə qayıdan uşaqların təhsil almasına, layiqli vətəndaş kimi böyüməsinə imkan verəcəkdir. Beləliklə birmənalı şəkildə demək olar ki, Ağdam torpaqları da çiçəklənməklə öz xoşbəxtliklərinə qovuşur”.