AZAL İATA-nın Ətraf Mühitin Qiymətləndirilməsi Proqramına qoşulub
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (“AZCON Holding”) tərkibində fəaliyyət göstərən “Azərbaycan Hava Yolları” (AZAL) Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Ətraf Mühitin Qiymətləndirilməsi Proqramı olan IEnvA-ya qoşulub. SİA xəbər verir ki, sənəd Bakıda keçirilən Aviasiya Enerji Forumu çərçivəsində imzalanıb.
Müqaviləni AZAL-ın Baş Kommersiya İnzibatçısı Cəmil Manizadə və IATA-nın Türkiyə, Mərkəzi Asiya və Azərbaycan regionu üzrə nümayəndəsi Funda Çalışır imzalayıblar.
IEnvA proqramı AZAL-a müxtəlif əməliyyat sahələri üzrə ətraf mühitə təsirini daha yaxşı qiymətləndirməyə, ətraf mühit göstəricilərini yaxşılaşdırmağa və bu sahədə daha sistemli yanaşma formalaşdırmağa şərait yaradacaq.