“Biz yaradıcı və perspektivli bir yanaşma ilə bölgənin inkişafına töhfə veririk”
“Prezidentin son bölgə səfəri – Ağdam və Şuşaya etdiyi səfərlər, əlbəttə ki, planlı şəkildə həyata keçirilən səfərlərdir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.
O bildirib ki, dövlət başçısı bu ərazilərdə aparılan quruculuq və bərpa işlərini, kommunikasiya infrastrukturunun yaradılmasını daim nəzarətdə saxlayır: “Ümumiyyətlə, regionun dirçəlişi çox mürəkkəb və mərhələli şəkildə həyata keçirilir. Burada dəqiqlik, sabit və etibarlı əlaqələndirmə, eləcə də, nəzarət mütləqdir.
Cənab Prezident dövlət başçısı kimi bütün prosesləri şəxsən nəzarətdə saxlayır, eyni zamanda müvafiq tövsiyələrini verir. Bəzən görülən işlər zamanı dəyişikliklərə ehtiyac yaranır və ya əvvəldən nəzərdə tutulmayan fors-major halları ortaya çıxır. Prezident bu kimi halları nəzərə alaraq öz təcrübəsini ustalıqla tətbiq edir – həm məlumatlılıq fonu yaradır, həm də bölgəyə səfərləri zamanı yerli əhali, memarlar, texnoloqlar, mühəndislər və digər mütəxəssislərlə görüşlər keçirir. Bu görüşlər vasitəsilə ictimaiyyət bölgədəki real vəziyyətlə əyani şəkildə tanış olur. Mətbuat və televiziya vasitəsilə bu proseslər cəmiyyətə çatdırılır.
Bölgədə həyata keçirilən layihələr və işlər demək olar ki, ümumxalq səviyyəsində reallaşdırılır. Buna görə də Prezidentin bu məsələlərə münasibəti xüsusi əhəmiyyət daşıyır. Digər tərəfdən, biz bu proseslərlə dünya ictimaiyyətinə nümayiş etdiririk ki, Azərbaycan Ermənistanla müqayisədə sivil, qurucu və beynəlxalq hüquqa hörmət edən dövlətdir. Ermənistan 28 il ərzində işğal etdiyi torpaqlarımızda hər şeyi dağıtdı, yerlə-yeksan etdi. Azərbaycan isə qısa müddət ərzində həmin ərazilərdə abadlıq, bərpa və minalardan təmizləmə işləri aparır. Biz yaradıcı və perspektivli bir yanaşma ilə bölgənin inkişafına töhfə veririk”.
“Ermənistan mətbuatında yayılan yalanlar və böhtanlar əslində onların öz dağıdıcı mahiyyətini ortaya qoyur. Biz isə dünyaya sübut edirik ki, bu torpaqlarda quruculuq və bərpa işləri həyata keçirən, sülhə və əməkdaşlığa çalışan tərəf məhz Azərbaycandır. Bu iki xalqı eyni müstəviyə qoymaq doğru deyil. Çünki biz bu torpağın qədim xalqıyıq, onlar isə sonradan gəlmişlərdir. Azərbaycanın siyasi xətti və mövqeyi bəllidir, açıq və prinsipialdır.
Xalqımızın yaratdığı zəngin ənənələrə sadiq qalmaq, onları yaşatmaq bizim borcumuzdur. Heç bir dağıntı və çətinlik bizi bu yoldan çəkindirməməlidir. Bu torpaq əzəldən bizim olub, bizimdir və gələcəkdə də bizim olacaq.
Təbii ki, hər bir səfər zamanı Prezident yeni məsələləri gündəmə gətirir. Bu dəfə də həmin ənənə davam etdi. Çünki görüləsi işlər hələ çoxdur. Amma bu bizi qorxutmur, əksinə, ruhlandırır. Azərbaycanın həyata keçirdiyi “açıq qapılar” siyasəti ilə beynəlxalq ictimaiyyətə mesaj verilir ki, biz əməkdaşlığa açığıq və bütün öhdəliklərimizi yerinə yetirməyə hazırıq. Məhz bu səbəbdən Özbəkistan, Qazaxıstan, Qırğızıstan kimi qardaş dövlətlər də Azərbaycana xüsusi diqqət və dəstək göstərirlər” – deyə o, əlavə edib.