Siyasət

“Cıdır Düzündə bu tədbirin keçirilməsi Azərbaycanın gücünü göstərir”


“Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa şəhərinin ölkənin Mədəniyyət paytaxtı elan edilməsi ilə Vaqif Poeziya günləri və “Xarıbülbül” festivalı da bərpa olundu”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Hüseynov deyib.

O bildirib ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə həmin il mayın 12-si və 13-də festivalın baş tutması, oraya ictimaiyyət və mədəniyyət xadimləri, Qarabağdan, o cümlədən Şuşadan olan tanınmış şəxslərin dəvət olunması, müxtəlif xalqların incəsənət nümayəndələrinin “Xarıbülbül” festivalında iştirakı bizdə böyük iftixar hissi yaratdı: “Ölkənin mədəni həyatında əlamətdar hadisə olan festival həm də Şuşada yeni həyatın başlanmasını sübut etdi.

“Xarıbülbül” festivalının ölkəmiz üçün mədəni və siyasi əhəmiyyəti böyükdür. Festivalda Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz uğurların tərənnümü özünü bir daha göstərdi. Erməni vandalları elə düşünürdülər ki, Şuşa əbədi olaraq onlara qalacaq. Müzəffər Ordumuz Ali Baş Komandanın rəhbərliyi altında Şuşanı işğaldan azad etdi, üçrəngli bayrağımız qədim Azərbaycan şəhərində – Şuşada dalğalandı. Ermənilərin viran qoyduğu Şuşa qısa zamanda həyata keçirilən quruculuq-abadlıq işləri sayəsində imicini özünə qaytardı, Qarabağın mirvarisində həyat canlandı. Artıq Şuşada bu kimi festivalların keçirilməsi, yerli və xarici qonaqların qarşılanması və yerləşdirilməsi üçün davamlı işlər görülür, bu işlər durmadan davam edir.

“Xarı bülbül” musiqi festivalı təkcə mədəni hadisə deyil, həm də siyasi baxımdan böyük əhəmiyyətə malikdir. Hələ Sovet hakimiyyəti illərində bu festivala yüksək diqqət göstərilib. O zamanlar Şuşada keçirilən böyük musiqi tədbirinə Yaponiya, Almaniya, Türkiyə və İspaniya kimi ölkələrdən iştirakçılar gəlirdilər ki, bu da festivalın rəngarəng keçməsinə səbəb olurdu. Uzun fasilədən sonra Şuşamızda, Cıdır Düzündə bu tədbirin keçirilməsi Azərbaycanın gücünü göstərir”.