İqtisadiyyat

Evlərə istiliyin verilməsi hansı qaydalarla tənzimlənir?


“Evlərə istiliyin verilməsi müəyyən qəbul olunmuş qaydalarla həyata keçirilir. Həmin qaydalara uyğun olaraq aprel ayının 15-də mərkəzləşdirilmiş qaydada verilən istilik söndürülür”. Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.

Onun sözlərinə görə, bu qayda Sovet dönəmindən qalmadır: “Həmçinin bu qayda indi də qüvvədədir. Bütün qayda və qanunlar şəraitə uyğun olaraq dəyişə bilər. İndi də dünyada qlobal iqlim dəyişiklikləri baş verir. Məsələn, qlobal iqlim dəyişiklikləri şəraitində, hətta yay aylarında da kəskin soyuq havalar başlaya bilər. Bu halda əlbəttə “Azəristiliktəchizat” iş rejimini müasir tələblərə cavab olaraq qurmalıdır. Amma çox təəssüf ki, buna əməl edilmir, yəni “Azəristiliktəchizat” köhnə qaydalara əsasən işləyir.

“Azəristiliktəchizat”ın aprel ayının 15-dən sonra binalara istilik verməsi dayandırılır. Bu həmin qurum üçün daxili nizamnaməsi və mövsümi iş rejimidir. Biz onu qanunla günahlandıra bilmərik. Amma məsələ burasındadır ki, qanunlar da vətəndaşa xidmət etmək üçündür. Qanunun tərəfləri vətəndaşın həyat şəraitinin yaxşılaşdırılmasına xidmət etməlidir. Ona görə də həmin qanunlar xidməti normal qayda da göstərə bilmirsə, demək ki həmin qanunlarda dəyişməlidir. Bu barədə hesab edirəm ki, “Azəristiliktəchizat” ciddi ehtiyac yaranarsa həmin qaydalarda dəyişiklik edə bilər yaxud da qanunvericilik bazasında dəyişikliklər edilməlidir”.