Siyasət

“İki ölkə arasında münasibətlərin gələcəyini ciddi təhlükə altına alır”


“Pakistan ölkəmizlə dost və müttəfiq olan, hər zaman dəstəyini hiss etdirimiz bir ölkədir. Odur ki, dost ölkənin Hindistanla müharibə vəziyyətinə gəlib çatması bizi təbii olaraq narahat edirdi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, məlum olduğu kimi nüvə silahına malik iki qonşu 1947-ci ildən Kəşmirlə bağlı münaqişə halındadırlar və münasibətlərin gərginləşməsi regional sabitliyi və iki ölkə arasında münasibətlərin gələcəyini ciddi təhlükə altına alır: “Hindistanın sayca dünyanın beşinci ordusu olması, Pakistanın isə döyüş başlıqlarının sayına görə altıncı nüvə dövləti olması baş verə biləcək müharibənin necə ağır nəticələrə gətirib çıxara biləcəyini ehtimal etməyə imkan verir.

İki ölkə arasında bu şəkildə gərginliyin avtomatik olaraq regionda enerji, təhlükəsizlik və ticarət layihələrinin gələcəyini də böyük sual altına qoyduğunu, baş verə biləcək müharibənin ABŞ, Çin və Rusiya kimi ölkələrin bölgəyə münasibətinə və strateji maraqlarına təsir göstərəcəyini nəzərə alaraq əvvəldən də beynəlxaq vasitəçilərin hərbi əməliyyatları dayandırmaq üçün hərəkətə keçəcəyi gözlənilən idi.

Çinin Pakistanın, ABŞ-ın isə Hindistanın mütəffiqi olması da bu məsələdə supergeclərin öz mövqelərini ortaya qoymasına gətirib çıxardı və nəticədə atəşkəs razılaşması əldə edildi. İstər texnika və silah, istərsə də əsgər sayına görə Pakistandan dəfələrlə güclü olan Hindistan bütün cəhdlərinə baxmayaraq istədiyini əldə edə bilmədi və atəşkəs razılşmasına razı oldu.

Pakistan Hindistanı bütün cəbhələrdə məğlub etməyi bacardı. Əvvəla ayrı-ayrı Qərb dairələrinin dəstəyinə baxmayaraq Hindistan Pakistana olan hücumlarına bəraət qazandıra bilmədi. Beynəlxaq qurumlar bu hücumları dəstəkləmədi. Eləcə də Pakistanı terror təşkilatlarına şərait yaradan və terror dəstəkləyən ölkə kimi təqdim etməyə çalışan Hindistanın bu həmlələri də nəticəsiz qaldı.

Hazırda atəşkəs raılaşmasının əldə edilməsi təbii ki sevindiricidir. Çünki müharibənin davam etməsi ayrı-ayrı beynəlxaq güclərin də prossesə qoşulmasına və bununla da bütövlükdə region üçün ağır nəticələrə səbəb ola bilərdi. Hazırda hərbi rəhbərliklər arasında təmaslar var, danışıqlar aparılır, eləcə də Pakistan üçün həyati əhəmiyyət daşıyan məsələ də öz həllini tapıb. Hindistan tərəfindən Pakistana suyun ötürülməsi bərpa olunub. Hər iki ölkə atəşkəs razılşmasına əməl edəcəklərini bəyan ediblər. Düşünürəm ki, beynəlxalq güclər yeni münaqişədə maraqlı olmayacaqları halda Hindistan yeni bəhanələr axtararaq atəşkəsi pozmağa cürət etməyəcək”.