Siyasət

“Səfərlər iki ölkə arasında əməkdaşlığın möhkəm təməlini qoyub”


“Azərbaycan ilə Vyetnam arasındakı ilk diplomatik münasibətlər 1992-ci il sentyabrın 23-də qurulmuşdur. Lakin bu iki ölkə arasında dostluq münasibətləri bundan xeyli əvvələ, təxminən yarım əsr əvvələ dayanır. 1959-cu ildə Vyetnamın Prezidenti Azərbaycan SSRİ-yə rəsmi səfər etmişdir. 1983-cü ildə isə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev Vyetnama rəsmi səfər etmişdir. Bu səfərlər və qarşılıqlı münasibətlər iki ölkə arasında əməkdaşlığın möhkəm təməlini qoymuşdur”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Polad Mehdiyev deyib.

Onun sözlərinə görə, 2014-cü ildə Azərbaycan Prezidentinin Vyetnama rəsmi səfəri, 2015-ci ildə isə Vyetnam Prezidentinin Azərbaycana cavab səfəri dövlət başçıları səviyyəsində münasibətlərin inkişafında yeni bir mərhələ açdı və əməkdaşlığa yeni təkan verdi: “Azərbaycan və Vyetnam arasında münasibətlər iqtisadiyyat, mədəniyyət, humanitar, təhsil və xüsusilə neft sənayesi sahələrini əhatə edir. Xüsusilə neft sahəsində əməkdaşlıq tarixi təməllərə dayanır. Azərbaycan mütəxəssisləri Vyetnamın neft sənayesinin qurulmasında və inkişafında mühüm rol oynamışlar. SSRİ və Vyetnam arasında yaradılmış “Vietsovpetro” adlı müştərək şirkətin ilk baş direktoru azərbaycanlı Cəlal Məmmədov olmuşdur.

Mədəniyyət sahəsində də əhəmiyyətli əməkdaşlıq mövcuddur. Tanınmış azərbaycanlı kino rejissoru Əjdər İbrahimbəyov Vyetnamda kino məktəbinin yaradılmasında fəal iştirak etmiş, dərslər keçmiş və üç film çəkmişdir. Bu xidmətlərinə görə o, “Əmək ordeni” ilə təltif olunmuşdur.

Təhsil sahəsində də əməkdaşlıq diqqətəlayiqdir. Müxtəlif dövrlərdə Azərbaycanda 5000-ə yaxın vyetnamlı tələbə təhsil almışdır. Onların bir çoxu bu gün Vyetnamın müxtəlif dövlət qurumlarında məsul vəzifələrdə çalışır. Eyni zamanda Heydər Əliyev Fondu da təhsil sahəsində uğurlu layihələr həyata keçirməkdədir. 2018-ci ildə Vyetnamın Ha Ziang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla bir sıra sosial layihələr həyata keçirilmişdir. Bütün bunlar göstərir ki, Azərbaycan ilə Vyetnam arasındakı münasibətlər həm dərin tarixi köklərə, həm də müxtəlif sahələri əhatə edən fəal və faydalı əməkdaşlığa əsaslanır”.