Siyasət

“Prezidentimiz həmin ərazilərdə bərpa-quruculuq işlərinə birbaşa nəzarət edir”


“Əlbəttə, biz daim müşahidə edirik ki, ölkə Prezidenti işğaldan azad olunmuş torpaqlara mütəmadi səfərlər edir. Bu səfərlər özünün sistemliyi ilə diqqəti cəlb edir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, hər şeydən öncə, bununla xəbər verir ki, ölkə Prezidenti həmin ərazilərdə bərpa-quruculuq işlərinə birbaşa nəzarət edir. Xatırlatmaq yerinə düşərdi ki, Azərbaycan Respublikasının qarşısında duran 5 mühüm prioritetdən biri işğaldan azad olunmuş ərazilərdə səmərəli məskunlaşmanın təmin edilməsindən ibarətdir: “Ona görə də Azərbaycan 2030 sosial-iqtisadi inkişafı dair prioritetlərdə yer alan məqamlara uyğun olaraq həmin ərazilərdə çox aktiv şəkildə məskunlaşma həyata keçirilir. Bu zaman təkcə insanların yaşayış yerləri ilə təmin olunması deyil, onların məşğulluğunun təmin edilməsi, bütün zəruri infrastruktur quruculuğunun həyata keçirilməsi kimi kompleks məsələlər nəzərə alınır. Bu baxımdan, ölkə Prezidentinin Ağdama səfəri də çox yadda qalan oldu. Ağdam Muğam Mərkəzinin açılması hesab edirəm ki, Azərbaycan üçün təkcə Azərbaycanın deyil, bütövlükdə böyük bir coğrafiyada mühüm mədəni hadisə idi. Azərbaycan Prezidenti cənab İlham Əliyev orada çox mühüm çıxış da etdi və bu çıxışda ötürdüyü mesajlar da hesab edirəm ki, təsirli və yadda qalan oldu. O, Azərbaycan xalqının iradəsindən, gücündən danışdı muğam mərkəzinin açılış tədbirində və bir daha bildirdi ki, Azərbaycan regionda gücdür və Azərbaycan regiondakı proseslərə real təsir etmək iqtidarındadır. Azərbaycanla əməkdaşlıq etmək regionda maraqları olan tərəflərin özləri üçün zəruridir. Yəni, Azərbaycan prezidentinin çıxışlarından belə bir nəticəyə gəlmək mümkündür. Azərbaycan xalqının iradəsi, gücü ilə və Azərbaycan dövlətinin gücü ilə biz öz torpaqlarımızı işğaldan azad etdik. Ayrıca olaraq, ölkə Prezidentinin Şuşada olması, orada bərpa-quruculuq işlərini nəzarət etməsi, yerində tanıması həm də çox mühüm bir mesaj ötürməsi ilə yadda qaldı. O, Şuşa ilə Xan kəndi arasında kanal əlaqəsi yaradılacağını və bunun gələcəkdə bu bölgənin turizm potensialının əhəmiyyətli dərəcədə inkişafına xidmət edəcəyini bildirdi.

Bir sözlə, hesab edirəm ki, bu səfər, bundan öncəki səfərlər kimi işğaldan azad etdiyimiz ərazilərdə daha dinamik bərpa-quruculuq işlərinin sürətlənməsinə xidmət edir. Ayrıca olaraq da bildiyimiz kimi, ölkə Prezidentinin addımları beynəlxalq media tərəfindən çox diqqətlə izlənilir. Beynəlxalq ictimaiyyət də görür ki, Azərbaycan öz ərazilərində, tarixi torpaqlarında çox böyük sürətlə, keyfiyyətlə bərpa-quruculuq işlərini həyata keçirməkdədir, məskunlaşmanı təmin etməkdədir. Düşünürəm ki, bunun özü də Azərbaycanın pozitiv obrazını daha da gücləndirməyə xidmət edir”.