Azərbaycan Qazaxıstandan taxıl idxalını 113 dəfə artırıb
Qazaxıstan dünyada iri taxıl ixracatçısı kimi mövqeyini tədricən gücləndirir.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, 2024–2025-ci illər mövsümündə sentyabrdan aprelin sonunadək taxıl və unun taxıl ekvivalentində ixracı təxminən 10 milyon ton təşkil edib. Bu da ötən mövsümlə müqayisədə 37,4 faiz artım deməkdir.
Qazaxıstan kənd təsərrüfatı nazirinin müavini Azat Sultanov bildirib ki, beşillik fasilədən sonra Azərbaycan, Gürcüstan və Türkiyəyə taxıl tədarükü bərpa olunub.
“İtaliyaya sərt buğda növlərinin ixracı artır. Hazırda Qazaxıstan Belçika, Polşa, Portuqaliya, Norveç və Böyük Britaniya kimi bizim üçün qeyri-ənənəvi Avropa bazarlarına ixracı inkişaf etdirir. Eyni zamanda Mərakeş və BƏƏ də məhsullarımıza maraq göstərir”, – deyə o, qeyd edib.
Vurğulanıb ki, son beş il ərzində ilk dəfə olaraq Qazaxıstan İran və Azərbaycana taxıl ixracını bərpa edib və tədarükləri onlarla dəfə artırıb.
2024/2025-ci illər mövsümündə sentyabr–aprel aylarında Azərbaycana taxıl və unun taxıl ekvivalentində idxalı 5 min tondan 569 min tona yüksəlib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 113 dəfə artım deməkdir.