İqtisadiyyat

Banklarda komissiya və faiz dərəcələri nə qədərdir?


Banklarda komissiyalar, maliyyə xidmətlərinin göstərilməsi müqabilində müştərilərdən tutulduğu əlavə ödənişlərdir. Bu komissiyalar müxtəlif bank əməliyyatlarında – məsələn, pul köçürmələri, kredit rəsmiləşdirilməsi, kart xidmətləri və nağdlaşdırma zamanı tətbiq oluna bilər. Komissiya haqları bankların gəlir mənbələrindən biri olmaqla yanaşı, göstərilən xidmətin dəyərini və risklərini əks etdirir. Təbii ki, bu kimi komissiya və faiz dərəcələri hər bankda müxtəlif olur. SİA bu barədə araşdırma edib.

ABB-yə göndərdiyimiz sorğuya əsasən bildirilib ki, tarix cədvəlində komissiya və faiz dərəcələri qeyd olunub. ABB-nin tarif cədvəlinə əsasən cari hesabın açılması pulsuz şəkildə həyata keçirilir. Hesab üzrə sənədlərin verilməsi sahəsində isə hesab üzrə çıxarışların verilməsi, hesab üzrə rekvizitlərin verilməsi pulsuzdur. Arayışın verilməsi (hər arayışa görə) və digər bank-maliyyə sənədlərinin surətinin verilməsi (hər bir sənədə görə) 10 azn təşkil edir.

Bakı, Sumqayıt və Xırdalan şəhərlərində yerləşən filial və şöbələr arasında hesablara nağd vəsaitin qəbulu, hesabın açıldığı filialda hesaba nağd vəsaitin qəbulu, hesabın açıldığı şöbədə hesaba nağd vəsaitin qəbulu və digər hallarda pulsuz, lakin rus rubl üçün 2% komissiya təşkil edir. Fiziki şəxs tərəfindən “ABB” ASC-də rəsmiləşdirilmiş kreditin ödənilməsi məqsədilə nağd vəsaitin qəbulu, kart hesablarına nağd vəsaitin qəbulu pulsuz həyata keçirilir. Həmçinin nağd vəsaitlərinin verilməsi sahəsində cari hesabdan istehlak kreditləri üzrə vəsaitin nağd verilməsi pulsuz həyata keçirilir. ABB-də köçürmələr sahəsində isə Bakı, Sumqayıt və Xırdalan şəhərlərində yerləşən filiallar və şöbələr arasında müştərinin öz adına olan cari hesablar arasında köçürmələr, filialdaxili müştərinin öz adına olan cari hesablar arasında köçürmələr, şöbədaxili müştərinin öz adına olan cari hesablar arasında köçürmələr komissiyasız həyata keçirilir.

Xalq Bankın verdiyi cavab əsasən hesabların açılması sahəsində cari hesabın açılması pulsuzdur. Lakin kredit ödənişləri zamanı komissiya 0,5%min. (20 AZN, maks. 1000 AZN) dəyərində məbləğ tutulur. Həmçinin SMS-məlumatlandırma xidmətindən istifadəyə görə müştəridən hər qoşulduğu kart üçün tutulan aylıq haqq 2.00 AZN təşkil edir. Bununla yanaşı köçürmələr zamanı Xalq Bank kartları arasında komissiya pulsuzdur. Onlayn kredit ödənişləri zamanı isə asan ödəniş portalı və AzeriCard onlayn ödəmə sistemi vasitəsilə ödəniş pulsuzdur.

UniBank-dan gələn cavaba əsasən isə Unibankın UTM-də xarici bank kartları ilə nağd vəsaitlərin alınması 3.5 % (min. 3.5 AZN/ USD/ EUR), ödəniş terminalları ( MilliÖn və Emanat ) üzrə keçən kredit ödənişləri 0.5 % komissiya təşkil edir. Hesabın açılması (valyuta növündən asılı olmayaraq) sahəsində cari və ya əlavə cari hesabın açılması, həmçinin kredit hesabının açılması pulsuz həyata keçirilir. Bununla yanaşı hesab üzrə dövlət orqanları tərəfindən daxil olan sərəncamlar və gün ərzində nağd mədaxil və məxaric əməliyyatları üzrə məlumatların sms vasitəsilə göndərilməsi aylıq 2 azn təşkil edir. Bununla yanaşı hesab üzrə çıxarış və dublikatın verilməsi 10 azn dəyərində komissiya təşkil edir.

Eyni zamanda unibank kartları arasında elektron pul köçürmələri komissiyasız həyata keçirilir. Lakin digər bankın kartına/hesabına (Leobank kartı, AniPay köçürmələri daxil) aylıq 2000 AZN – dək komissiyasız, 2000 AZN – dan yuxarı köçürmə haqqı – 1% (min. 1 AZN/USD/EUR) təşkil edir. Bununla yanaşı digər bank kartından Unibank kartına köçürmənin komissiyası 0% təşkil edir.

Lakin banklarla yanaşı digər bank olmayan təşkilatlarda belə faiz dərəcələri və komissiyalar mövcuddur. Bu barədə SİA-ya açıqlamasında Azərbaycan Beynəlxalq bankında Biznes kreditlər üzrə ekspert Fərid Tanrıverdiyev qeyd edir ki, müasir bank sektoru həm fərdi, həm də korporativ müştərilərə müxtəlif maliyyə xidmətləri təqdim edir: “Bu xidmətlərin əsas komponentlərindən biri komissiya haqları və faiz dərəcələridir. Banklar arasında bu şərtlərin fərqli olması isə bir çox amillərlə bağlıdır.

Bankların tətbiq etdiyi komissiya və faiz dərəcələri bir neçə əsas faktora görə dəyişir:

Bankın daxili strategiyası və risk idarəetməsi;

Xidmətin növü və həcmi;

Bazarın ümumi durumu və likvidlik səviyyəsi;

Müştərinin maliyyə göstəriciləri və kredit tarixçəsi.

Məsələn, istehlak krediti bir bankda 13%, digərində isə 15% faizlə təklif oluna bilər. Eyni şəkildə, xidmətə görə alınan komissiya haqları da müxtəlif ola bilər. Bu rəqabətli mühitdə bankların fərqli strategiyalar seçməsi ilə əlaqədardır.

Komissiya və faiz siyasəti beynəlxalq səviyyədə tam vahidləşdirilməsə də, əksər ölkələrdə bu sahə tənzimləyici orqanların nəzarətindədir. Azərbaycanda bu funksiyanı Azərbaycan Mərkəzi Bankı həyata keçirir. Bankların faiz və komissiya siyasətinə birbaşa müdaxilə olmasa da, aşağıdakı prinsiplər təmin edilir:

Müqavilələrdə şərtlərin aydın və tam göstərilməsi;

Effektiv illik faiz dərəcəsinin (EİFD) açıqlanması;

Komissiyaların qanuni əsaslarla tətbiqi.

Bu yanaşma müştəri hüquqlarının qorunması və bazar intizamının təmin olunmasına xidmət edir.

Banklar rəqabətli bazarda fərqli şərtlər təqdim etməklə müştərilər üçün geniş seçim imkanı yaradır. Bu baxımdan müştərinin də maliyyə qərarlarında aktiv olması vacibdir. Kredit və ya digər xidmətlərdən istifadə etməzdən öncə:

Fərqli bankların şərtləri müqayisə olunmalı;

Effektiv faiz dərəcəsi və əlavə xərclər araşdırılmalıdır.

Maliyyə savadlılığı bu prosesdə mühüm rol oynayır.

Bank Olmayan Kredit Təşkilatları (BOKT-lar)

Son illərdə maliyyə bazarında aktivliyi artan BOKT-lar daha çevik xidmətlər təklif etsələr də, faiz və komissiya baxımından banklardan daha yüksək şərtlər tətbiq edə bilirlər. Onların fəaliyyəti Mərkəzi Bankın lisenziyası və “BOKT haqqında” qanun əsasında tənzimlənir. Yüksək faizlərin səbəbi isə əsasən bu qurumların maliyyə mənbələrinin məhdudluğu və yüksək risklərlə işləmələridir.

Bu sadalanan faktorlardan aydın olurki Bank və BOKT-lar tərəfindən tətbiq olunan komissiya və faiz dərəcələrinin müxtəlifliyi bazar şəraitindən və tənzimləmə siyasətindən qaynaqlanır. Müştərilərin maraqlarını qorumaq üçün şəffaflıq, hüquqi çərçivə və məlumatlılıq əsas prinsiplərdir. Bu sahədə düzgün qərar vermək üçün müştərilərin maliyyə biliklərini artırması vacibdir”- deyə o əlavə edib.

Bununla yanaşı banklar haqqında qanuna istinadən bildiririk ki, hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarmı və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarım müəyyən etməkdə sərbəstdir.