“Vyetnam xalqı öz şərəfli mübarizə tarixi ilə tanınır”
“Vyetnam üçün Azərbaycan mühüm əhəmiyyətə malik ölkələrdən biridir. Azərbaycan inkişaf etməkdə olan, lakin strateji mövqeyə və geniş əməkdaşlıq potensialına malik dövlətdir. Orta Dəhlizin əsas hissəsini təşkil edəcək Zəngəzur dəhlizi Azərbaycanın nəzarətində yerləşir və bu nəqliyyat marşrutu regional və qlobal dövlətlər üçün, o cümlədən Vyetnam üçün də böyük maraq kəsb edir”. Bu sözləri SİA-ya açıqlamasında siyasətçi, Azad Vətən Partiyasının sədri Akif Nağı deyib.
Onun sözlərinə görə, Vyetnam xalqı öz şərəfli mübarizə tarixi ilə tanınır: “Amerika kimi güclü dövlətə qarşı apardıqları müharibədən qalib çıxaraq öz müstəqilliklərini və suverenliklərini qorumağı bacarıblar. Bu mübarizə onların ölkəsini xarabalığa çevirsə də, xalq iradəsi və milli birliyi sayəsində Vyetnam yenidən qurulub. Bu səbəbdən Azərbaycan xalqı Vyetnam xalqına böyük rəğbət bəsləyir. Çünki biz də 30 il müddətində davam edən işğalla barışmadıq və sonda ərazi bütövlüyümüzü bərpa etdik. Eyni taleyi paylaşan bu iki xalq arasında dərin mənəvi bağlılıq və qarşılıqlı anlayış formalaşıb.
Ermənistanın arxasında dayanmış güclü beynəlxalq dairələrə baxmayaraq, Azərbaycan öz torpaqlarını azad etdi və bu, bizim qətiyyətimizi, suverenlik uğrunda mübarizədə sarsılmaz mövqeyimizi nümayiş etdirdi.
Yeni mərhələdə Azərbaycan–Vyetnam münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Son zamanlar Vyetnam Kommunist Partiyası rəhbərliyinin Azərbaycana səfəri bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Səfər çərçivəsində yüksək səviyyəli görüşlər keçirilmiş və əsas sənəd olaraq Azərbaycan ilə Vyetnam arasında strateji tərəfdaşlığa dair Bəyanat imzalanmışdır. Bu Bəyanatda qarşılıqlı əməkdaşlığın əsas istiqamətləri müəyyənləşdirilmişdir”.
Siyasətçi qeyd edir ki, hazırda iki ölkə arasında ticarət dövriyyəsi təxminən 500 milyon dollar təşkil edir: “Qeyd etmək lazımdır ki, bu göstərici hətta coğrafi baxımdan daha yaxın olan bəzi ölkələrlə müqayisədə daha yüksəkdir. Bu əlaqələrin əsas hissəsi neft ixracı ilə bağlıdır. Baxmayaraq ki, Vyetnam özü də neft hasil edən ölkədir, Azərbaycan bu sahədə Vyetnama ixracat edən əsas tərəfdaşlardan biridir.
Tarixi baxımdan da bu əlaqələr dərin köklərə malikdir. Sovet dövründə Azərbaycan neft sahəsində qabaqcıl mütəxəssislər yetişdirirdi. Bu mütəxəssislər yalnız Azərbaycanda deyil, həmçinin Kuba, Vyetnam və digər ölkələrdə çalışaraq mühüm töhfələr verirdilər. Həmin dövrdə yüzlərlə azərbaycanlı neftçi və mühəndis Vyetnamda fəaliyyət göstərmişdir.
Təhsil sahəsində də əlaqələr əhəmiyyətlidir. Sovet dövründə Azərbaycan universitetlərində çoxlu sayda vyetnamlı tələbə təhsil almışdır. Təxminən 5000 vyetnamlı tələbə Bakıda müxtəlif ali məktəblərdə oxumuş və hazırda onların bir çoxu Vyetnamın dövlət strukturlarında mühüm vəzifələrdə çalışırlar. Bu gün də tələbə mübadiləsi davam edir və təhsil sahəsində əməkdaşlıq inkişaf etdirilir.
İqtisadi əlaqələr də tədricən genişlənməkdədir. Ümumilikdə isə Azərbaycan–Vyetnam münasibətləri Asiya-Sakit okean regionunda, xüsusilə Çinlə yanaşı, Azərbaycan üçün strateji tərəfdaşlıq formatında inkişaf edən nadir əlaqələrdən biridir. Bu isə uğurlu və çoxşaxəli diplomatiyamızın real nəticəsidir”- deyə əlavə edib.