İqtisadiyyat

Azərbaycan “Russia Halal Expo 2025” sərgisində təmsil olunur


Azərbaycan məhsulları Tatarıstanın Kazan şəhərində “Rusiya – İslam dünyası: KazanForum 2025” çərçivəsində keçirilən “Russia Halal Expo 2025” sərgisində İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə “Made in Azerbaijan” vahid ölkə stendində təqdim olunur. SİA bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, ziyarətçilər Azərbaycan şirkətlərinin istehsal etdiyi qənnadı məmulatlar, yağlar, qurudulmuş meyvələr və meyvə şirələri, mürəbbələr, mineral sularla tanış olur, onlar üçün dequstasiya sessiyaları keçirilir.

Bununla yanaşı, stenddə AZPROMO ölkəmizdə sahibkarlar üçün yaradılan münbit investisiya iqlimi, biznesin inkişafı perspektivləri, tranzit ticarət imkanları, o cümlədən investorlara təklif olunan güzəştlər haqqında məlumat verir, bu mövzularda videoçarxlar nümayiş olunur və müxtəlif çap materialları təqdim edir.

Azərbaycan stendini Tatarıstanın rəisi Rüstəm Minnixanov və digər rəsmi şəxslər ziyarət ediblər.