Siyasət

“Azərbaycanla Rusiya arasında strateji əməkdaşlıq davam edir”


“Rusiya-Azərbaycan münasibətlərinə bir neçə istiqamətdə diqqət etməliyik. Birincisi, strateji əlaqələr, onlar ümumidir. Belə ki, Cənubi Qafqazda sabitliyin təmin olunması, qlobal layihələrin inkişafı, Şimal-Cənub dəhlizi, regionun lojistik mərkəz imkanları, Xəzər dənizi və onun sərvətlərinin qorunması və istifadəsi məsələləri Azərbaycanla Rusiyanın ümumi maraqları çərçivəsindədir”. Bu sözləri SİA-ya açıqlamasında rusiyalı beynəlxalq politoloq Dmitri Solonnikov deyib.

Onun sözlərinə görə, əlbəttə bu istiqamətdə iki ölkənin əlaqələri getdikcə inkişaf edəcək: “Bu layihələrdən geri çəkilmək ölkələrimizdən heç birinin maraqlarına uyğun deyil. Azərbaycanla Rusiya arasında strateji əməkdaşlıq davam edir. Son günlər artan əlaqələr, patriarx Kirilin Bakıya səfəri, keçirdiyi önəmli görüşlər, dini və mədəni sahədə təmasların intensivləşməsi xalqlarımızın həyatında müsbət emosiyalar yaradır.

Vacib elementlərdən biri də Azərbaycan Silahlı Qüvvələrinin 9 may qələbə günündə Moskvada keçirilən paradda iştirak etməsidir. Paradda Azərbaycanla yanaşı dəvət olunan bir neçə ölkənin silahlı qüvvələrinin nümayəndələri də təmsil olundu. Azərbaycan Prezidenti İlham Əliyevin paradda iştirak etməməsini isə Rusiyada anlayışla qəbul edirlər”.

Politoloq həmçinin qeyd edir ki, İlham Əliyev Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü tədbirlərində iştirak etdi, iş qrafikinin sıx olması da səfərin reallaşmasına təsir edən amillərdəndir.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının ildönümləri geniş şəkildə, həm də təntənəli formada qeyd edildiyini Rusiyada da bilirlər. Onu da qeyd etmək yerinə düşər ki, Heydər Əliyevin anadan olmasının ildönümləri Rusiyada da geniş şəkildə qeyd edilir, onun SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi vaxtda Rusiya Federasiyası üçün etdiklərini heç kim unutmayıb.

O dahi insanın xatirəsi daim əziz tutulur. Heydər Əliyev Azərbaycanın müstəqilliyinin ilk illərində Rusiya ilə ikitərəfli əlaqələrin qurulmasında böyük fədəkarlıqlar göstərib, iki ölkənin əlaqələrinin möhkəmləndirilməsində, inkişaf etdirilməsində xidmətləri danılmazdır”.

D. Solonnikov bildirir ki, Rusiya ilə Azərbaycan arasında son günlər yaranmış soyuq münasibətlərə gəlincə, qeyd etməliyəm ki, belə hadisələr zaman-zaman digər ölkələr arasında da olur. Bunu müsbət dəyərləndirə bilməsək də, texniki məsələ adlandıra bilərik və bunu yaxın zamanlarda həll olunması mümkün kiçik problem kimi qəbul edirik.

Bu gün isə münasibətlərimiz inkişaf mərhələsindədir. Hesab edirik ki, inkişaf bir az da sürətlənəcək. Problemlər arxada qalacaq, strateji müttəfiqliyimiz dominantlığını qoruyub saxlayacaq. Cənubi Qafqaz dünya miqyasında vacib regionlardan biridir, 3×3 formatının aktivləşməsi, Ermənistan-Azərbaycan sülh danışıqlarının intensivləşməsi, Mərkəzi Asiya ölkələri ilə əlaqələrin durmadan artması region ölkələrinin marağındadır. Əlbəttə, münaqişələr hər ölkəni, onun xalqlarını narahat edir, Pakistanla Hindistan arasında baş verənlər, İran ətrafında cərəyan edən hadisələr narahatedicidir. Rusiya İlə Azərbaycan arasında əlaqələrin bundan sonrakı vəziyyətinə gəlincə isə hər iki ölkənin siyasi rəhbərliyi münasibətlərin inkişafında maraqlıdırlar. Onların da həlli yaxın zamanlarda dialoq, qarşılıqlı anlaşma şəraitində həll olacağına inanıram. Ölkələrimiz arasında strateji müttəfiqlik sazişini unutmamalıyıq” – deyə o əlavə edib.