“Bu gün ailə psixoloqları çox çətin vəziyyətdə qalıblar”
“İslamda baş örtüsü nəinki var, baş örtüsü İslamın prinsipial qanunlarından biridir”. Bu sözləri SİA-ya açıqlamasında Təzə Pir məscidinin axundu Mircəfər Əyyubov deyib.
Onun sözlərinə görə, İslamın əsas məqsədi həm fərdləri, həm də toplumu, cəmiyyəti gözəl, əxlaqlı, aktiv, müsbət, pozitiv cəmiyyətə çevirməkdir: “İslam bu məqsədə qarşı olan hər bir hərəkət, hadisə, problemə qarşıdır.
Cəmiyyətdə fitnə-fəsad yaradan, cəmiyyətin aktivliyini pozan amillərdən biri də şəhvət duyğusudur. Şəhvəti təhrik edən, onu yersiz şəkildə qıcıqlandıran kişi və qadınların şəhvətpərəstliyinə yol açan hər şeyə qarşı İslam qarşıdır. Düzdür, şəhvət hissini Allah yaradıb. Amma Allah onu ifrat şəkildə tətbiq üçün yox, nəsil artırmaq üçün, insanın həyatdakı mübarizəsində yorulmaması üçün, halal ləzzətlər üçün yaradıb. Amma müasir dövrdə şəhvət məqsədlərdən birinə çevrilib. Təxminən şəhvət olmayan heç bir sistem tapmaq olmur. Maşın, şampun reklam edirlər, bunu yarıçılpaq qızla edirlər. Bütün bunlar buna xidmət edir ki, kişilərin şəhvətpərəstlik duyğuları cəlb olunsun, gözləri kor olsun, nəticədə aldansınlar. Kişilərin də model olaraq, zəngin görünərək cəmiyyətdə zühur etməsi ona xidmət edir ki, qadınlar yoldan çıxsınlar. Bu nöqteyi-nəzərdən ən optimal yol hicabdır. Qadının kişi tərəfindən şorgözlüyə məruz qalmasının qarşısını xeyli alır”.
“Hicab və örtük yalnız baş örtüsü kimi qələmə verilməməlidir. Hicabın fəlsəfəsi qadında kişiləri cəlb edən qabarıq hissələrin və digər bəzəkli, gözəl görüntülərin qarşısını almaqdır ki, yalnız öz atasına, qardaşına, gələcəkdə həyat yoldaşına bu zinət yerlərini göstərə bilər. Qurani-Kərimdə Nur surəsində açıq-aşkar göstəriş var. Hədislər kifayət qədər çoxdur. Hicab bağlamayanların cəhənnəmdə cəzalandırılacağı, hicab bağlayanların Allah qatında savab qazanacağı və sair kimi kifayət qədər məlumatlar var. Çünki cəmiyyətdə əgər qadın-kişi münasibətləri, ailə institutu tənzimlənməsə, bu cəmiyyətin nə idarədə, nə elmdə, nə bazarda inkişafından söhbət gedə bilməz. Təsadüfi deyil ki, bu gün ailə psixoloqları çox çətin vəziyyətdə qalıblar. Yeniyetmə və gənclərin təhsilinə mane olan amilləri araşdıranda ən böyük və ən qarşısıalınmaz amil məhz cinsi meyillərin vaxtından qabaq aktivləşməsi, cinsi məlumatların yerli-yersiz gənclərə çatdırılmasıdır. Ona görə də, İslam dini bunların qarşısını almaq üçün ən prinsipial qanun kimi qadınların örtüyünü önə çəkir” – deyə o, əlavə edib.