Sosial

Gənclər arasında “Legal Ring” intellektual yarışı keçirilib


“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Gənclər Fondu və “Femida Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, Vəkillər Kollegiyası, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin rəsmi səhifəsi və “Gənc Könüllülər” İctimai Birliyinin tərəfdaşlığı ilə ümumrespublika gəncləri arasında “Legal Ring” intellektual yarışı keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, ilkin mərhələ, dörddəbir final, yarımfinal və final mərhələlərindən ibarət olan yarışın əsas məqsədi gənclərin hüquqi düşüncə tərzinin inkişafına töhfə vermək, Konstitusiya və milli qanunvericilik sahəsində maarifləndirməni təşviq etmək, eləcə də iştirakçıların analitik və tənqidi təhlil bacarıqlarını gücləndirməkdən ibarətdir.

Bakı Konqres Mərkəzində keçirilən tədbirin əvvəlində Dövlət Himni səsləndirilib və Vətənimizin ərazi bütövlüyü uğrunda mübarizədə canını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov çıxış edərək bildirib ki, “Legal Ring” kimi intellektual yarışlar hüquq sahəsində təhsil alan gənclərin biliklərini daha da dərinləşdirməyə və onları konstitusiya dəyərləri əsasında yetişdirməyə xidmət edir. Qeyd olunub ki, layihə hüquqi mədəniyyətin formalaşmasında mühüm rol oynayır və gənc hüquqşünasların cəmiyyətə faydalı mütəxəssis kimi yetişməsi yolunda əhəmiyyətli platformadır.

Vəkillər Kollegiyası Akademiyasının rektoru professor Əmir Əliyev çıxışında intellektual yarışların hüquq təhsili sistemində mühüm rol oynadığını, o cümlədən hüquq tələbələrinin məntiqi düşünmə, qərarvermə və komanda şəklində işləmə bacarıqlarının məhz belə yarışlar vasitəsilə inkişaf etdirilə biləcəyini qeyd edib. Onun dediyinə görə, “Legal Ring” hüquqi biliklərin sadəcə nəzəri şəkildə deyil, məntiqi və strateji müstəvidə də tətbiqinə imkan yaradır və bu, gələcəyin peşəkar hüquqşünaslarının formalaşmasına birbaşa təsir göstərir.

Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dekanı Zaur Əliyev çıxışında ali təhsil müəssisəsinin tələbələrinin yarışda iştirakının onların hüquqi dünyagörüşünə və ümumi inkişafına müsbət təsir etdiyini bildirib. O, hüquqi savadlılığın təkcə peşəkar fəaliyyət üçün deyil, vətəndaşlıq mövqeyi baxımından da zəruri element olduğunu, tələbələrin intellektual meydanlarda biliklərini sınamasının onların tədrisdə motivasiyasını artırdığını və hüquq elminə maraqlarını gücləndirdiyini qeyd edib.

“Femida Könüllüləri” Təşkilatının sədri Nilgün Məmmədova çıxışında “Legal Ring” layihəsinin gənclərin hüquqi biliklərinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığından, yarışın yalnız biliklərin yoxlanılması məqsədi daşımadığını, eyni zamanda, iştirakçıların strateji düşünmə, komanda ruhu və operativ qərarvermə bacarıqlarının formalaşdırılması baxımından əhəmiyyətli platforma olduğunu vurğulayıb. O, rəhbərlik etdiyi təşkilatın hüquqi maarifləndirmə sahəsində təşəbbüskar fəaliyyətini davam etdirəcəyini və gənclərlə bağlı layihələrdə innovativ formatlara üstünlük veriləcəyini diqqətə çatdırıb.

Sonra bədii hissə təqdim olunub.