Partiya üzvləri ilə görüş keçirilib
YAP Xəzər rayon təşkilatının Hicran Hasilov küçəsi 1 (Rasim Sadıqov adına 136 nömrəli tam orta məktəb) ərazi partiya təşkilatında partiya üzvləri ilə görüş keçirilib. SİA xəbər verir ki, tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatının məsləhətçisi Siyasət Həsənov Yeni Azərbaycan Partiyasının müasir müstəqil ölkəmizin inkişafındakı rolundan bəhs edərək onu da vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən YAP bundan sonra da inamlı qələbələrə imza atacaq. Partiyanın irəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlar Azərbaycan dövlətinin daha da güclənməsinə, xalqın rifahının yüksəlməsinə töhfələr verəcək. Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyası olduğunu bütün dövrlərdə təsdiqləyib və hazırda yeni hədəflərə doğru inamla irəliləyir.
Daha sonra çıxış edən 136 saylı tam orta məktəbin direktoru Aysel Şərbətova ərazi bütövlüyü və suverenliyi tam bərpa edilən Azərbaycanın yeni hədəflərə doğru inamla irəliləməsini önə çəkərək bildirib ki, bu günün əsas çağırışı işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərinin miqyasının daha da genişləndirilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışıdır. Heydər Əliyev ideyalarının, Prezident İlham Əliyevin yürütdüyü siyasətin təbliğatçısı olan hər bir YAP üzvü günümüzün çağırışlarının həyata keçirilməsinə öz töhfələrini verməyə çalışır.
Sonda isə partiyanın ərazi təşkilatına sədr və sədr müavini seçkiləri keçirilib. İştirakçıların yekdil rəyi ilə Eldarova Şəkər ərazi təşkilatının sədri, Yadigarova Taliyə isə sədr müavini seçilib.
Qeyd edək ki, Xəzər rayon Yeni Azərbaycan Partiyasının qərargahında partiya üzvləri ilə görüş keçirilib. Tədbiri giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası yarandığı gündən ümumxalq partiyasına çevrilərək hər bir vədini konkret əməli ilə təsdiqlədiyini bildirdi.
Tədbirin sonunda partiyanın ərazi təşkilatına sədr və sədr müavini seçkiləri keçirilib. İştirakçıların yekdil rəyi ilə Mayılova Nərgiz ərazi təşkilatının sədri, Mayılova Könül isə sədr müavini seçilib.