Siyasət

“PKK terror təşkilatının ləğvi çox ciddi bir hadisədir”


“Təbii ki, 50 ilə yaxın bir dövrdə təkcə Türkiyədə 40 mindən çox insanın qətlinə bais olan terrorçu “PKK”-nın silahı yerinə qoyaraq özünü ləğv etməsi böyük uğurdur. PKK-nın Qurultayında verilən bu qərar təkcə bir terror təşkilatının sonu deyil, eyni zamanda Türkiyə dövlətçiliyinin tarixinə yazılmış zəfər kimi qiymətləndirilməlidir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

O bildirib ki, PKK terror təşkilatı 1978-ci ildə Türkiyənin Lice bölgəsinin Fis kəndində Abdullah Öcalan və onu dəstəkləyən 21 nəfər tərəfindən qurulmuşdu: “Terror qruplaşması 1984-cü ildən bu yana həm Türkiyədə, həm də ümumilikdə bölgədə çox sayda terror aktları, silahlı hücumlar təşkil edib, minlərlə günahsız insanın, dövlət məmurlarının həyatına son qoyub.

Bu baxımdan PKK terror təşkilatının ləğvi çox ciddi bir hadisədir. Çünki məlum olduğu kimi, qardaş Türkiyə dövləti uzun illərdir ki, terrorla mübarizə aparır, indiyədək bu istiqamətdə xeyli vəsait xərclənib. İndi verilmiş qərar daha güclü Türkiyə üçün yeni bir səhifənin açılması deməkdir.

İndi əsas məsələ müxtəlif xarici qüvvələr tərəfindən körüklənən və əslində kürd xalqının özünə ağır zərbələr vuran separatçılığın və terrorçuluğunun durdurulması istiqamətindəki prosesin uğurla davam etdirilə biləcəyi ilə bağlıdır. Çünki PKK-nın özünü buraxdığını elan etməsi 40 ildən artıq davam edən silahlı fəaliyyətlərin və terrorun sonu kimi qiymətləndirilsə də, bir sıra suallar hələ açıq olaraq alır. PKK-nın liderlərinin, ayrı-ayrı qruplaşmalara rəhbərlik edən komandirlərin taleyi, onların hansı ölkələrə və hansı şərtlərlə sığınacaqları, silahların kimə təhvil veriləcəyi kimi məsələlər var”.

“Digər bir tərəfdən məlumdur ki, PKK-nı maliyyələşdirən, silahla təmin edən çoxlu saylı oyunçular var. Onların da indiki məqamda PKK-nın xidmətlərindən imtinaya hazır olub-olmamaları müəmma olaraq alır. Nəzərə almaq lazımdır ki, “PKK” qurulduğu 1978-ci ildən indiyədək keçən dövr ərzində 11 dəfə özünü ləğvetmə qərarı verib, dəfələrlə silahları yerə qoyub, guya, dinc və demokratik mübarizə yolunu seçib. Amma bütün bu dəyişimlərin ömrü uzun sürməyib, qısa zamandan sonra yenidən terror metodlarına əl atıb.

Yəni PKK özünü buraxdı deyib hər hansı bir başqa ad altında fəaliyyəti davam etdirəcəksə bu terrorun sonu demək olmayacaq. Odur ki, biz indi PKK Qurultayına və orada qəbul olunmuş qərara diqqətli yanaşmaq məcburiyyətindəyik. Əgər PKK doğrudan da yox olacaqsa və bu terror qrupunun qalıqları səmimi şəkildə silahlı fəaliyyətdən imtina edəcəklərsə bundan hər kəs qazanacaq” – deyə o, əlavə edib.