Dünya

Hindistanda pələnglər beş gündə altı nəfəri öldürüb…


…Hindistanda, Maharaştra ştatının Çandrapur rayonunda insanlarla vəhşi təbiət arasında qarşıdurma artmaqda davam edir. Çərşənbə günü bölgədə bir pələng daha bir qurbanı parçalayıb.

Bu dəfə qurban 54 yaşlı Kaçrabai Bharde adlı qadın olub. Artıq beş gün ərzində pələnglər ərazidə altı nəfəri öldürüb. SİA-nın məlumatına görə, qadın tendu yarpaqları toplamaq üçün Kərbədə kəndi yaxınlığındakı meşəyə gedib.

Hücum baş verən zaman o, əri Arun və kənddən olan digər qadınlarla meşəyə gedibmiş. O, tendu yarpaqlarını yığarkən kolların arasında gizlənən pələng qəflətən ona hücum edib. Əri qışqırıqları eşidib və yırtıcı heyvanın qurbanı sürüyərək apardığını görüb.

…Və arvadını “yaddan çıxaran” Arun, sakinləri xəbərdar etmək üçün kəndə qaçıb.

…”Hindustan Times” xəbər verir ki, kəndlilər daha sonra Bhardenin cəsədini meşədə qan gölündə tapıblar. Dəfələrlə törədilən hücumlardan qəzəblənən yerli sakinlər meşə idarəsinə və rayon rəhbərliyinə etiraz edərək, lazımi təzminat və qurbanın oğluna dövlət işi tələb ediblər.

Meşəçilər və polis izdihamı sakitləşdirə bilib və qurbanın cəsədi yarılma üçün yerli mülki xəstəxanaya göndərilib.

Nazlı Almuradova