Dünya

Ötən bir həftə ərzində 739 nəfər sərhəddən geri qaytarılıb


Almaniyada yeni koalisiya hökumətinin miqrasiya siyasətinin sərtləşdirməsindən ötən bir həftə ərzində 739 nəfər sərhəddən geri qaytarılıb. Bu, sərt tədbirlərin tətbiqindən əvvəlki həftə ilə müqayisədə 45 faiz çoxdur. SİA “Bild” qəzetinə istinadla xəbər verir ki, həftə ərzində sığınacaq üçün müraciət etmiş 51 nəfərdən 32-si sərhəddə geri qaytarılıb. Digər şəxslərin – təkbaşına olan yeniyetmələrin, xəstələrin və hamilə qadınların ölkəyə daxil olmasına icazə verilib.

Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt sərtləşdirilmiş nəzarət tədbirlərinin öz bəhrəsini verdiyini açıqlayıb.

Xatırladaq ki, yeni nazir ötən həftə Almaniyanın quru sərhədlərində bütün miqrantların qanunsuz keçidinin qarşısının alınması üçün sərhəd nəzarətinin daha da sərtləşdirilməsi barədə əmr imzalayıb. Əmrdə sərhəd xidmətinin 11 min nəfərlik heyətini 2-3 min nəfərlik əlavə qüvvə ilə gücləndirilməsi əksini tapıb. O, ötəngünkü açıqlamasında isə sərhəd nəzarətinin və sığınacaq axtaran şəxslərin geri qaytarılmasının ilkin addım olduğunu vurğulayıb.

Xatırladaq ki, Almaniyanın Avstriya ilə sərhədində 2015-ci ildən, Polşa, Çexiya və İsveçrə ilə sərhədlərdə 2023-cü ilin oktyabrından yoxlamalar aparılır. Ötən il sentyabrın 16-dan etibarən Fransa, Lüksemburq, Belçika, Danimarka və Niderland ilə sərhədlərdə yoxlamaların aparılmasına başlanılıb.