Ombudsman “İnsan Hüquqları Aylığı”nın elan olunması ilə əlaqədar müraciət yayıb
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “İnsan Hüquqları Aylığı”nın elan olunması ilə əlaqədar müraciət yayıb. SİA Ombudsman Aparatına istinadən xəbər verir ki, müraciətdə deyilir:
“İnsan hüquq və azadlıqlarının müdafiəsi və təşviqi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Dövlət müstəqilliyimizin bərpasından sonra ölkəmizdə hüquqi dövlət quruculuğu sahəsində ardıcıl və kompleks islahatlar həyata keçirilmiş, bu istiqamətdə fundamental hüquqi baza formalaşdırılmışdır. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il 18 iyun tarixində təsdiq olunmuş ilk “İnsan Hüquqlarının Müdafiəsinə dair Dövlət Proqramı” bu sahədə strateji fəaliyyətin əsasını qoymuşdur. Bu mühüm sənədə əsaslanaraq, Prezident cənab İlham Əliyevin 2007-ci il tarixli Sərəncamı ilə 18 iyun ölkəmizdə rəsmi olaraq İnsan Hüquqları Günü kimi təsis edilmişdir və həmin tarix hər il geniş şəkildə qeyd olunur.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən bu əlamətdar gün ərəfəsində ənənəvi olaraq 18 may – 18 iyun tarixləri “İnsan Hüquqları Aylığı” elan olunur. Aylıq çərçivəsində hüquq və azadlıqların təbliği, ictimaiyyətin hüquqi biliklərinin artırılması, insan hüquqları sahəsində mövcud çağırışların müzakirəsi və milli səviyyədə həyata keçirilmiş fəaliyyətlərin ictimailəşdirilməsi nəzərdə tutulur. Xüsusi ilə qeyd edilməlidir ki, builki kampaniyada qanunun aliliyi, hüquq mədəniyyəti, hüquqi məsuliyyət və inklüziv cəmiyyət prinsiplərinin təbliği əsas mövzulardan biri olmalıdır.
Bu baxımdan, dövlət orqanları, bələdiyyələr, təhsil və mədəniyyət müəssisələri, tibb və sosial xidmət qurumları, penitensiar müəssisələr, qeyri-hökumət təşkilatları, media nümayəndələri və digər aidiyyəti qurumlar “İnsan Hüquqları Aylığı” çərçivəsində keçiriləcək tədbirlərə fəal şəkildə qoşulmağa, müxtəlif formatlı maarifləndirmə tədbirləri, müzakirələr, təlimlər və məlumatlandırıcı kampaniyalar keçirməyə dəvət olunurlar. Xüsusilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması nəzərə alınaraq, tədbirlərdə milli konstitusiya dəyərlərinin və qanunun aliliyinin təbliğinə xüsusi önəm verilməsi tövsiyə olunur.
Aylıq çərçivəsində həyata keçirilən tədbirlər və maarifləndirmə fəaliyyətləri barədə məlumatların #İnsanHüquqlarıAylığı və #HumanRightsMonth həştəqləri ilə sosial media platformalarında paylaşılması xahiş olunur.
Eyni zamanda, əhalinin bütün qruplarının, xüsusən sosial cəhətdən həssas, o cümlədən şəhid ailələrinin, müharibə iştirakçılarının, əlilliyi olan şəxslərin, uşaqların, ahılların, qaçqınların, keçmiş məcburi köçkünlərin, miqrantların hüquqlarının təmini məsələlərinə xüsusi həssaslıq göstərilməsi, hüquqi maarifləndirici vəsaitlərin hazırlanması, nəşri və əhali arasında yayılması, keçirilən tədbirlərin, çəkilən sosial çarxların audiovizual, çap, onlayn media, həmçinin teleradio kanalları, sosial şəbəkə hesabları vasitəsilə işıqlandırılması işində fəallıq nümayiş etdiriləcəyinə inanır və əvvəlcədən təşəkkürümü bildirirəm”.