Dünya

Vatikanda Papa XIV Leonun pontifikatının inaqurasiya mərasimi başlayıb


Vatikanda yeni seçilmiş Papa XIV Leonun pontifikatının rəsmi inaqurasiya mərasimi start götürüb. SİA xəbər verir ki, mərasim bir neçə televiziya kanalı vasitəsilə canlı yayımlanır. Ənənəvi mərasim Müqəddəs Pyotr bazilikasında, ilk Papa olan Müqəddəs Pyotrun məzarı önündə keçirilir.

XIV Leo mərasim öncəsi açıq “Popemobil” avtomobili ilə Müqəddəs Pyotr meydanından və “Via Conciliazione” yolundan keçərək xalqı salamlayıb. Minlərlə dindar və turist bu tarixi anın şahidi olmaq üçün Vatikan ərazisində toplaşıb. Roma rəsmiləri mərasimə qatılanların sayının 250 minə çatacağını gözləyir. Onların arasında Xristian Yubiley ili çərçivəsində Romaya gəlmiş çoxsaylı əcnəbi zəvvarlar da var.

Meydan həmçinin 150-dən çox beynəlxalq nümayəndə heyətinə ev sahibliyi edir. Onların arasında İtaliya, Papa XIV Leo-nun uzun illər missionerlik etdiyi və vətəndaşlıq aldığı Peru, habelə doğulduğu ABŞ (Çikaqo) təmsilçiləri xüsusilə seçilir. Eyni zamanda, mərasimdə Konstantinopol Patriarxlığından başlayaraq müxtəlif xristian məzhəblərinin nümayəndələri də iştirak edir.

İnaqurasiya mərasiminin kulminasiya nöqtəsi isə papa hakimiyyətinin əsas simvolları olan “Balıqçı üzüyü” və palliumun (xaçlarla bəzədilmiş yun lent) XIV Leo-ya təqdim olunması olacaq.