Sosial

“Dezinformasiya ictimai sabitlik üçün təhlükə mənbəyidir”


“Müasir informasiya cəmiyyətində dezinformasiya cəmiyyətin təhlükəsizliyi və ictimai sabitlik üçün ciddi təhlükə mənbəyinə çevrilib”. Bu fikirləri SİA-ya açıqlamasında media eksperti Azər Həsrət bildirib.

Onun sözlərinə görə, yayılan dezinformasiyalar cəmiyyəti çaşdırmaq və ictimai rəyi yönləndirmək məqsədi daşıyır: “Dezinformasiya birmənalı şəkildə ictimai rəyi yanıltmağa xidmət edir. Bəzən belə məlumatlar təsirsiz görünsə də, onların qarşısını almaq üçün müəyyən üsullar mövcuddur. Lakin ümumilikdə baxdıqda, bu tip məlumatlar kifayət qədər peşəkar şəkildə hazırlanır və həqiqətə çox yaxın təqdim olunur. Bu da media savadlılığı zəif olan vətəndaşların həmin informasiyalara inanmasına səbəb olur.”

Azər Həsrət əlavə edib ki, insanlar aldandıqları məlumatları başqalarına da ötürməklə dezinformasiyanın yayılmasına şüursuz şəkildə yardımçı olurlar: “Nəticədə həmin yalan informasiyalar daha geniş auditoriyaya çatır və cəmiyyətə ciddi ziyan vurur. Bu, insanları bir-birinə qarşı qoymaq, dövlət-vətəndaş münasibətlərini pozmaq kimi təhlükəli nəticələrə gətirib çıxara bilər. Dezinformasiya həm də sosial gərginliyi artırmaq üçün bir vasitədir”.

Media eksperti hesab edir ki, bu təhlükənin qarşısını almaq üçün məsuliyyət təkcə dövlətin deyil, bütün cəmiyyətin üzərinə düşür: “Bu sahədə dövlət qurumları ilə yanaşı, vətəndaşlar və media nümayəndələri də üzərlərinə düşən vəzifələri yerinə yetirməlidirlər. İnformasiya təhlükəsizliyinin təmin olunması üçün birgə fəaliyyət, maarifləndirmə və media savadlılığının artırılması vacibdir”.

Günel Fərzəliyeva