Sosial

Klounlar daha çox güldürür, yoxsa qorxudur?


Kloun, animator Ağa Piriyevin SİA-ya müsahibəsini təqdim edirik:

– “Aquşa”nı çoxları tanıyır. Bəs Ağa Piriyev kimdir?

– “Aquşa”nı tanıyırlar, Ağa Piriyev sadə insan, vətəndaş, öz xalqını, Vətənini sevən biridir. Ağa Piriyev istərdi ki, Azərbaycanda klounlar da, yumor hissi də inkişaf etsin. Bunun üzərində işləyirik. Bizə dövlət tərəfindən kömək olsa, daha yaxşı olardı. Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi dəstək olsa, yaxşı olardı. Klounlar təhsil almalıdırlar. Klounluq elə bir sənətdir ki, cəmiyyətə xeyir gətirir. Hamının problemi ola bilər. Başqa ölkələrdə Xoşbəxtlik Nazirliyi var. Xoşbəxtlik Nazirliyində işləyən əməkdaşlar xəstəxanalara, dövlət müəssisələrinə gəlirlər, insanları sevindirirlər. Bir anlıq olsa da, əhval-ruhiyyəni dəyişirlər. İndiki zamanda buna çox ehtiyac var.

– Sizcə, Azərbaycanda klounluq peşə sayılır?

– Xaricdə kloun festivalı olur. Bütün ölkələrdən insanlar toplaşıb parti edirlər. Bu, yaxşıdır. Hər il bizdə Formula1 festivalı olur. Klounların da festivalı olsa, yaxşı olardı. Pozitivlik, səmimiyyətdir. İnsanlara müsbət təsir edir. Azərbaycanda klounların sayı çoxdur. Amma kloun sənətini yaşadan azdır. Mən deyərdim ki, kloun sənətini yaşatmaq lazımdır, onun tarixini yaşatmaq, onun incəliklərini bilmək lazımdır. Təkcə pul fikirləşmək lazım deyil. Düzdür, pul hamıya lazımdır. Amma təhsil, öz üzərində işləmək də vacibdir. Hal-hazırda Azərbaycanda çox zəif haldadır. Kloun deyəndə insanların ağlına yüngül təbiətli, ciddiyə alınmayan biri gəlir.

– İctimai nəqliyyatda insanları güldürmək ideyası necə ağlınıza gəldi?

– Bunu çoxdandır ki, etmək istəyirdim. İctimai kanal mənimlə bir layihə etdi. “Qucaqlaşma Günü” adlı layihə idi. Uğurlu keçdi. Orada rejissorlar, əməkdaşlar var idi, onlara fikrimi dedim ki, bunu metroda etsək, necə alınar? İcazə aldılar, təşkil etdilər və uğurla həyata keçirildi. Maraqla da qarşılandı.

– Uşaq məclislərində mütəmadi olursunuz. Uşaqları güldürmək asan, yoxsa çətindir?

– Təbii ki, psixologiyanı bilmək lazımdır. 18 ildir ki, bu işin içindəyəm. Uşaq da, hər cür böyük də görmüşəm. Bu, sadəcə olaraq təcrübədir. Elə uşaq var ki, onu güldürmək böyüklərdən də çətindir. Elə böyük var ki, ümumiyyətlə, onu güldürmək mümkün deyil. Amma yaxşı qəbul edirlər, gülüb sevinirlər.

– Bəzən təhqirlərə məruz qalırsınız. Məyusluğunuzu necə gizlədirsiniz?

– Hər bir insan birinci növbədə özünə hörmət etməli, özünü aparmağı bacarmalıdır. Kloun bilməlidir ki, kimə yanaşmalıdır. Baxan kimi üz cizgilərindən onu tutmalıdır. Bu da bir bacarıqdır. Hər adama yaxınlaşıb hansısa zarafatı edə bilməzsən. İnsanlarla rəftarı bilmək, həm də tanımaq lazımdır.

– Kloun olmaq üçün hansı bacarıqlar lazımdır?

– Mən sosial şəbəkələrdə canlı yayımlar açıram. Çox yazıb soruşurlar ki, biz də olmaq istəyirik. Kloun olmaq üçün gərək insanın həyata və insanlara sevgi olsun. Kloun hazırcavab, dünyagörüşlü olmalıdır. Öz işini, etdiyin peşəni sevməlisən.

– Küçədə söz atırlar?

– Belə insanlara fikir vermək lazım deyil. Şükürlər olsun ki, başa düşən daha çoxdur. Bu işi anlayan, qiymət verən getdikcə çoxalır. Çünki sevdirmək lazımdır. Bəzi klounlar toylara da gedir, 5-10 manatdan ötrü min hoqqadan çıxıb sənətə ləkə gətirirlər. İnsan gərək birinci növbədə sənəti sevsin, inkişaf etdirsin, yaşatsın.

– Müasir gənclərin düşüncə tərzi sizi qane edirmi?

– Gənclərin 30-40 faizinin mədəniyyətində problem var. Valideynlərdən çox şey asılıdır. İndiki gənclərimiz bir az sosial şəbəkələrdən dəyişikliyə məruz qalıblar, aqressiya var. Məktəblərdə bullinq var. Müəllimlər də, valideynlər də buna diqqət etməlidirlər. Hər bir valideyn uşağı ilə dostluq etməlidir. Uşaqla maraqlanmaq lazımdır. Amma əfsuslar olsun ki, bu hallar baş verir.

– Bu gün klounlara qarşı olan münasibət sizi qane edirmi? Dəyişiklik var?

– Getdikcə animasiya sahəsi inkişaf edir. İnsanlar üçün adiləşib, bunu normal qəbul edirlər. Elə insanlar var ki, komplekslidirlər. Onlara yaxınlaşıb “salam” belə verəndə qorxurlar. Xaricdə belə hallar daha inkişaf edib. Ümid edirəm ki, bizdə də bu olar.

– Qardaş Türkiyədə necə inkişaf edib?

– Mən Türkiyədə “Aquşa” obrazında olmamışam. Təbii ki, planlarımız var. Ola bilsin, İstanbul, ya da turistik bir bölgədə “Aquşa” ilə birlikdə çəkiliş edək.

– Eyni zarafatları etmək sıxıcı olmur? Yoxsa özünüz də əylənirsiniz?

– Mən öz işimdən zövq alıram. Çalışıram, yorulmayım, amma elə hallar da olur ki, insan yorulur. Əsas odur ki, klounlar öz işindən zövq almalıdır, yorulmamalıdır.