İqtisadiyyat

Köhnə tikililərin sökülməsi ilə üzə çıxan problemlərin həlli üçün təkliflər hazırlanıb


“Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası” İcimai Birliyi köhnə tikililərin sökülməsi zamanı üzə çıxan hüquqi və texniki problemlərin sistemli şəkildə aradan qaldırılması məqsədilə təkliflər paketi hazırlayıb. SİA xəbər verir ki, bunu Assosiasiyanın sədr müavini Əşrəf Şıxəliyev “Bakının Mənzil Fondunun İnkişafında Yeni Gözləntilər” mövzusunda keçirilən konfransda bildirib.

Onun sözlərinə görə, təkliflər uzunmüddətli araşdırmalara və beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanıb: “Məqsəd müasir şəhərsalma tələblərinə uyğunluğun təmin olunması, eləcə də tikinti prosesində rast gəlinən hüquqi və texniki problemlərin kompleks şəkildə həllidir”.

Ə.Şıxəliyev qeyd edib ki, bu sahədə əsas problemlərdən biri təzminatla bağlıdır: “Söküntüyə məruz qalan mülkiyyət sahiblərinə ödəniləcək kompensasiya məbləği ilə bağlı vahid tarif və qaydalar yoxdur. İkinci məsələ həmin şəxslərə yeni tikilidən veriləcək əvəz sahəsinin ölçüsü ilə bağlı normativ sənədin olmamasıdır. Üçüncü problem isə kompensasiya və yaxud əvəzləşməyə daxil ediləcək sahələrin hansı kriteriyalara əsasən hesablanacağı ilə bağlı normativ tənzimləmənin mövcud olmamasıdır. Bu problemlərin aradan qaldırılması üçün Assosiasiyanın təklifləri mövcud iqtisadi və hüquqi reallıqlara əsaslanır. Kompensasiyanın məbləği iqtisadi inkişafa bağlı məsələ olduğundan, bu rəqəm Nazirlər Kabinetinin qərarı ilə müəyyən olunmalıdır. Məbləğ iqtisadi artım, inflyasiya və digər maliyyə göstəricilərinə uyğun olaraq çevik şəkildə dəyişdirilə bilməlidir. Mülkiyyətçilərin əmlakları əvəzinə veriləcək sahənin ölçüsü isə Şəhərsalma və Tikinti Məcəlləsinə əlavə ediləcək yeni maddə ilə tənzimlənməlidir”

O, əlavə edib ki, təklif edilən hüquqi mexanizm həm mülkiyyətçilərin əsassız tələblərinin, həm də tikinti şirkətlərinin verdiyi özbaşınalıqların qarşısını almağa xidmət edəcək.

“Bəzi hallarda mülkiyyətçilər qanunsuz və yüngül konstruksiya ilə inşa olunmuş, fərdi yaşayış evinə aid olmayan tikililərin də ölçülməsini, kompensasiya olunmasını tələb edirlər. Bu isə söküntü və köçürülmə prosesində narazılıqlara səbəb olur. Belə halların qarşısının alınması üçün Şəhərsalma və Tikinti Məcəlləsinə müvafiq tənzimləyici norma əlavə edilməlidir,” – deyə Assosiasiya rəsmisi vurğulayıb.