Dünya

Ötən il Latviyada yarım mindən çox uşaq itkin düşüb və…





…bir bədəvi ərəb Peyğəmbərin (s.a.s) yanına gəlib dedi: “Siz uşaqlarınızı öpürsünüz?! Biz onları öpmürük!” Peyğəmbər (s.a.s) dedi: “Əgər Allah sənin qəlbindən mərhəmət hissini götürübsə, ona mən nə edim?!”



…Deyilənlərə görə, hər il Avropa İttifaqı ölkələrində minlərlə uşaq itkin düşür.

Yenə də deyilənlərə görə, 2023-cü ildə Latviyada 578 belə hal olub. Doğrudur, uşaq və yeniyetmələrin əksəriyyəti tapılıb, lakin 21 nəfər hələ də tapılmayıb.

…Ötən il, yəni 2024-cü ildə Latviyada bu dəfə 554 uşaq və yeniyetmə itkin düşüb və onlardan 77-si hələ ki, axtarışdaır..?

Maraqlıdır, Latviyada itkin düşən uşaqları kim və necə axtarır?

Və ümumiyyətlə, onlar niyə evi tərk edirlər?

SİA-nın məlumatına görə, “Current Time” telekanalı problemi anlamağa çalışıb.

…Riqa-Oqre şossesi. Bir az əvvəl doqquz yaşlı bir uşaq bu magistralın kənarı ilə bir şəhərdən digərinə gedir. O, atasının yanına gedir: dərsdən sonra, telefonsuz, heç kimə xəbərdarlıq etmədən…

Maşınlar keçir, amma heç kim avtomobilini saxlayıb azyaşlı uşaqla, onun tənha hara getməsiylə maraqlanmır. (…bir şahid kimi deyə bilərəm ki, Baltikyanı ölkələr,.. Latviya kimi elə Litva və Estoniyanın da çox soyuq sakinləri var. Yəni küçədə yıxılasan, biri yaxınlaşıb səninlə maraqlanmayacaq-A.B.)

… Yalnız axşam saat onda polis hadisə şahidlərindən təhlükəli vəziyyətdə olan tənha uşaq barədə məlumat alır.

Və bir neçə saatdan sonra, gecə saatlarında uşaq tapılır.

Bu vaxta qədər oğlan magistral yol boyu çox kilometrlər qət edibmiş.

…Bu hadisədən sonra Latviya Dövlət Polisi ölkə sakinlərinə xəbərdarlıq edib: “Baxsız qalan uşaq görsəniz, hərəkətə keçin, yanından keçməyin!”

…Latviya Dövlət Polisindən bildirilir ki, ölkədə itən uşaqların əksəriyyəti ailədənkənar tərbiyə müəssisələrindən (uşaq evlərindən) olur.

…Niyə oradan qaçırlar? Çünki orada heç bir isti münasibətlər yoxdur, özlərini qəbul olunmuş hiss etmirlər.

…Bir uşağın başqa şəhərə getdiyi və heç kimin onun itdiyini görmədiyi hallar Latviyada qeyri-adi deyil.

Amma ən səs-küylü və faciəli hadisələrdən biri səkkiz il əvvəl baş verib. Ölkənin qərbində, Liepayada beş yaşlı İvan Berladin yoxa çıxıb. O, şənbə günü səhər evdən çıxıb və ondan bir daha xəbər alınmayıb.

“Bezvests.lv” təşkilatı oğlanın axtarışlarına qoşulub. Axtarışda həm yerli sakinlər, həm də Riqadan və digər şəhərlərdən xüsusi olaraq gələn minlərlə könüllü iştirak edib. Çoxları özləri ilə itlər də gətiriblər. Uşağı bir həftədən çox axtarıblar. Ancaq axtarış faciəli şəkildə başa çatıb: oğlanın cəsədi şəhərdən kənarda, meşədə tapılıb.

İstintaqın sonradan məlum olduğu kimi, İvan ictimai nəqliyyata minirmiş, lakin avtobusları qarışdırıb şəhərdən kənara çıxıb, sonra isə sonuncu dayanacaqda düşərək yanlış yolu seçib: evlərə yox, meşəyə gedib. Nəticədə o, azıb, keçilməz kolluqdan çıxa bilməyib və hipotermiyadan ölüb…

…“Bezvests.lv” saytının rəhbəri deyir ki, beş yaşlı İvanla baş verən faciədən sonra özəl şirkət onlara müraciət edib: o, itkin düşənlərin axtarışına kömək edəcək pulsuz mobil proqram hazırlamağı təklif edib. Onun hazırlanması iki il çəkib, indi proqram artıq bütün könüllülər üçün əlçatandır.

…Və başqa bir faciəli hadisə 2024-cü ilin qışında ölkənin şərqində, Rezekne yaxınlığında iki yaşlı uşaq itkin düşür.

İlkin məlumata görə, uşaq qar fırtınası zamanı evdən yalnız corab geyinərək çıxıb. Onun anası və nənəsi həmin vaxt yatırmışlar.

Ona görə də axtarışa xeyli gec başlanıb və uşaq evdən təxminən bir kilometr məsafədə, dəmir yolu yaxınlığında, qarın altında tapılıb. Tapılanda hələ sağ imiş, amma həkimlərin qucağında dünyasını dəyişib.

…Ana və nənə uşaq istismarı və qəsdən adam öldürmə ittihamı ilə həbs ediliblər.

…Qanuna görə, Latviyada yeddi yaşından kiçik uşaqları nəzarətsiz qoymaq qadağandır. Amma Latviyada bir çox valideynlər bu qanunu pozurlar.

…Maraqlıdır, təkcə Latviyadamı?..

Əli Babayev