““Saxta xəbər” insanları çaşdırır və yanlış addımlar atmasını şərtləndirir”
“Rəqəmsal transformasiya, onlayn informasiya resurslarının inkişafı, sosial media platformalarının çoxalması yaşadığımız dövrdə informasiya axınını sürətləndirir. İnsanlar, hətta fərdi istəkləri olmasa belə, gün ərzində yüzlərlə informasiyanı eşidir, görürü və dinləyirlər. Təəssüf ki, gündəlik xəbər dövriyyəsi təkcə etibarlı, düzgün məlumatlardan ibarət deyil”. Bunu SİA-ya açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli deyib.
Onun sözlərinə görə, “Yanlış xəbər”, “saxta xəbər”, “dezinformasiya” da xəbər dövriyyəsində böyük paya malikdir: “Analitik mərkəzlər qeyd edirlər ki, “saxta xəbər”in qlobal informasiya dövriyyəsində çəkisi 45-80 faiz aralığında dəyişir və dünya üçün ən aktual problemlərindən birinə çevrilir. “Saxta xəbər” insanları çaşdırır, səhv qərarlar verməsini, yanlış addımlar atmasını şərtləndirir. Bu baxımdan “saxta xəbər”, “dezinformasiya” “dünya üçün yeni fəlakət” adlandırılır. Bu da bir faktdır ki, “saxta xəbər” təsadüfən yaranmır. Xüsusən, “saxta xəbər”in bir növü olan dezinformasiya şüurlu şəkildə istehsal edilir, konkret hədəflərə qarşı yönəldilir və onu istehsal edənlərin məkrli niyyətlərinin təmin edilməsi üçün istifadə olunur. Rəqib dövlətlər bir-biri haqqında qəsdən saxtalaşdırılmış məlumatlar-dezinformasiyalar yaymaqla qarşı tərəfə zərər vura bilirlər. Bu baxımdan dezinformasiya termini müasir nəzəriyyələrdə “Hibrid müharibə”nin, yaxud, “Assimmetrik müharibə”nin elementi kimi təsvir edilir. Dezinformasiya həm də cəmiyyətin çaşdırılması, ictimai etimadsızlığın yaradılması üçün istifadə edilir. Təəssüf ki, sosial şəbəkə platformaları bu baxımdan geniş imkanlar yaradırlar. Onlar məkrli qüvvələrin əlində alətə çevrilərək, ictimai rəyin yanlış infortmasiyalarla yüklənməsində, yanlış istqamətə yönləndirilməsində rol alır. Bu cür halların qarşısını almaq üçün dünya dövlətləri müxtəlif tədbirlər görürlər. Çox saylı dövlətlərdə “dezinformasiyaya qarşı mübarizə haqqında” xüsusi qanunlar qəbul edirlər. Həmçinin, dezinformasiya ilə mübarizə üçün ixtisaslaşmış inzibati qurumlar yaradırlar”.
Günel Fərzəliyeva