Sosial

“Uşaqların avtomobillərlə təmasda olması minimuma endirilməlidir”


“Yaşayış məntəqələrinin qarşısında uşaqlar üçün meydançaların olmaması, əlbəttə ki, onların həm fiziki, həm də psixoloji inkişafına mənfi təsir göstərir. Çünki uşaqlar yalnız evdə deyil, həm də həyətdə oynayırlar. Əvvəllər həyətdə qum üçün xüsusi sahələr ayrılırdı. Bu gün isə bəzi ölkələrdə, xüsusilə də Rusiya, Belarus kimi şimal ölkələrində belə meydançalar hələ də evlərin həyətində mövcuddur”. Bunu SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, uşaqların avtomobillərlə təmasda olması minimuma endirilməlidir: “Onlar üçün geniş, təhlükəsiz ərazilər olmalıdır ki, orada sərbəst qaça, oynaya bilsinlər. Bu, onların həm fiziki, həm də psixoloji inkişafına müsbət təsir edir. Belə ərazilərin olmaması isə bir sıra mənfi hallara səbəb olur. Valideynlər daim uşaqların arxasınca qaçır, onlara “Qaçma!”, “Maşının altına düşəcəksən!”, “Topu partlayacaq!” kimi xəbərdarlıqlar edirlər. Uşaqlar həyətdə oynamaq istəyərkən ya maşına toxunurlar, ya da səs salırlar və nəticədə avtomobil sahibləri əsəbiləşərək qışqırırlar. Bu isə uşaqlarda aqressiya yaradır. Davamlı şəkildə “olmaz”, “dəymə”, “qadağandır” kimi ifadələr eşitmək onların ruh halına mənfi təsir göstərir. Bu səbəbdən onlar həm oyundan, həm də sosial inkişafdan geri qalırlar və özlərini güvənsiz hiss edirlər.

Ev şəraitində oynadıqları zaman isə uşaqlara “səs salma”, “əşyaları qırma”, “dağıtma” kimi məhdudiyyətlər qoyulur. Həyətdə də oyun üçün şərait olmadıqda, bu, uşaqlarda mənfi nəticələr doğurur. Uşaqlıq dövrü bir dəfə olur və uşaq bu dövrü bayırda, həyətdə, sərbəst şəkildə, istədiyi mühitdə dolu-dolu yaşamalıdır”.

Günel Fərzəliyeva