Ədliyyə orqanlarının xüsusi xəzinə hesabına köçürüləcək vəsaitlərin sərf ediləcəyi məqsədlər müəyyənləşir
Yaradılması təklif edilən Ədliyyə orqanlarının xüsusi xəzinə hesabına köçürüləcək vəsaitlərin sərf ediləcəyi məqsədlər müəyyənləşir. SİA xəbər verir ki, bununla bağlı “İcra məmurları haqqında”, “İcra haqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlara dəyişiklik təklif edilir.
Layihə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, Ədliyyə orqanlarının xüsusi xəzinə hesabına köçürüləcək vəsaitlər:
– ədliyyə orqanlarının xüsusi rütbəsi olan əməkdaşlarının və digər işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə;
– dövlət büdcəsinə köçürülməklə ədliyyə orqanlarının xüsusi rütbəsi olan əməkdaşlarının və digər işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə;
– ədliyyə orqanlarının xüsusi rütbəsi olan əməkdaşlarının və digər İşçilərinin əlavə təhsilinə, ədliyyə orqanlarının maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə;
– ədliyyə orqanlarında qulluq keçən (işləyən) və ya əvvəllər qulluq keçmiş (işləmiş) müharibə veteranı adı almış şəxslərin, habelə ədliyyə orqanlarında qulluq keçmiş (işləmiş) şəhid olmuş şəxslərin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsinə;
– icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilməsi mümkün olmadıqda həmin xərclərin ödənilməsinə;
– ədliyyə orqanlarının elmi-texniki potensialının artırılmasına, elmi tədqiqat işlərinin aparılmasına, ədliyyə sahəsində innovativ həllərin öyrənilməsinə və tətbiqinə sərf ediləcək.
Həmin vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.