“Əsas məsuliyyət daşıyan tərəf Rusiyadır”
“Rusiya ilə münasibətlərdə Azərbaycan tərəfindən yanaşmalarda kardinallıq və xüsusilə də pisə doğru heç bir dəyişiklik əlaməti yoxdur. Azərbaycanın Rusiya ilə münasibətlərdə prinsipial mövqeyi davam edir. Bu, bölgədə sabitliyin qorunması, Rusiyanın bu bölgədə beynəlxalq hüquqa əsaslanan mənafelərinə və maraqlarına hörmətlə yanaşılması, birgə layihələrin icra edilməsində özünü göstərir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi-ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, Azərbaycandan asılı olmayan bəzi səbəblərdən Rusiya ilə münasibətlərdə müəyyən fasilənin və soyuqluğun yaranması göz önündədir: “Xüsusilə də təyyarə qəzasının sona qədər araşdırılmaması, Rusiyanın bəzi media orqanlarında Azərbaycanın əsaslı səbəblərlə həmin orqanların ölkədə fəaliyyətini dayandırması və Azərbaycan Prezidentinin 9 may paradında iştirak etməməsi ilə bağlı Rusiya mediasında yaradılan ajiotaj nəticəsində münasibətlər formal olaraq müəyyən qədər soyumuş kimi görünür.
Amma təbii ki, bu soyuqluğun aradan qaldırılmasında əsas məsuliyyət daşıyan tərəf Rusiyadır və vəziyyəti düzəltmək üçün addımların əsasən Rusiyadan atılması gözlənilir.Yaxın gələcəkdə nələrin baş verəcəyi məsələsinə gəldikdə isə Azərbaycan yalnız münasibətlərin tənzimlənməsi yönümündə addımlar ata bilər. Əldə olunmuş razılaşmalar çərçivəsində bütün addımların atılacağı da Azərbaycan tərəfindən heç bir şübhə doğurmur. Amma fikrimcə, Rusiyanın Azərbaycanla münasibətləri daha da yaxşılaşdırmaq yönümündə yaxın dövrdə əsaslı addımlar atması gözlənilmir. Əksinə, Rusiya Cənubi Qafqazda mövcud status-kvonun saxlanmasında, xüsusən də Azərbaycanla münasibətlərin indiki formal soyuqluq vəziyyətində qalmasında daha çox maraqlıdır”.
Siyasi ekspert fikrlərinə davam edərək bildirib ki, Azərbaycanla formal soyuq münasibətdə görünmək, Rusiya üçün indiki şəraitdə Ermənistana təzyiqləri daha da artırmaq görüntüsü və imkanı yaradır: “Belə bir vəziyyətdə Rusiya həm daxili, həm də beynəlxalq müstəvidə Ermənistanla bağlı atdığı addımları Azərbaycanla əlaqələndirmədən həyata keçirə bilər. Əgər Rusiya Azərbaycanla isti münasibətlər fonunda Ermənistana təzyiq etsə, bu zaman kənardan belə rəylər yarana bilər ki, guya Rusiya Azərbaycanla birlikdə Ermənistana qarşı fəaliyyət göstərir. Amma əgər münasibətlərdə soyuqluq müşahidə olunursa, bu zaman Rusiya tərəfindən Ermənistana yönələn siyasi və diplomatik təzyiqlər daha obyektiv qəbul edilə bilər.
Mənim fikrimcə, bu halda heç kim Ermənistana qarşı təzyiqlərin artırılmasında Azərbaycanla Rusiya arasında hər hansı bir gizli əməkdaşlıqdan danışa bilməz və Rusiyanın Azərbaycanla birgə hərəkət etdiyi barədə irad və ya eyham səsləndirə bilməz”.