Siyasət

“Cümhuriyyət xadimlərinin ruhu bu gün şaddır”


“Tariximizin ən parlaq səhifələrindən biri 1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsidir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclis sədrinin müavini Musa Qasımlı deyib.

O bildirib ki, bu hadisə Azərbaycan xalqının və bütövlükdə müsəlman Şərqinin taleyinə böyük təsir göstərdi: “1918-1920-ci illərdə 23 ay müddətində mövcud olmuş Cümhuriyyətin elan edilməsi ilə müsəlman Şərqi xalqları arasına Respublika ideyasını, idarə üsulunu Azərbaycan xalqı gətirdi. Xalqımız müstəmləkə zülmü altında olan müsəlman xalqlarına azadlığın yolunu göstərdi.

İlk dəfə olaraq müsəlman Şərqində qadınlara seçki hüququ verildi. Bu hüquq o vaxt hələ bir çox Avropa ölkələrində qadınlara verilməmişdi. Cümhuriyyət dövrünün ikinci böyük hadisəsi 1918-ci ilin sentyabrında Bakı şəhərinin yadelli qüvvələrdən azad edilməsi və milli hökumətin paytaxt şəhərə köçməsidir. Bakının azad edilməsi ilə bir neçə əsr əvvəldən Bakının Azərbaycandan qoparılmasına dair planlar alt-üst edildi. Azərbaycan dövləti təbii paytaxtına qovuşdu.

Cümhuriyyət dövrünün üçüncü böyük hadisəsi dövlətin Antanta Ali Şurası tərəfindən 1920-ci ilin yanvarında de-fakto tanınması oldu. Bu hadisə bütün sonrakı dövlətçilik tariximizə də təsir göstərdi. Cümhuriyyət tarixinin sistemli şəkildə araşdırılması Ulu Öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı sərəncamdan sonra başlayır. O vaxta qədər aparılan pərakəndə tədqiqat işlərinin yerini sistemli, kompleks araşdırmalar tutdu. Həmin sərəncama uyğun olaraq Cümhuriyyət Parlamentinin stenoqramları, xarici siyasət sənədləri nəşr edildi. Bir çox əsərlər yazıldı.

Cümhuriyyət xadimlərinin ruhu bu gün şaddır. Çünki onların arzuladıqları güclü Azərbaycan dövləti var. Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında dövlət suverenliyimiz tam bərqərar edilib”.