İqtisadiyyat

“KOB-lar iqtisadiyyatımızın onurğa sütununu təşkil edir”


“Bu ilin fevral ayında Bakıda cənab Orxan Məmmədovla keçirdiyimiz görüş zamanı, Biznes Şurası çərçivəsində KOB-ların rəqəmsallaşdırılmasına dəstək, yaşıl iqtisadiyyata keçid və qadın sahibkarlığının təşviqi ilə bağlı təşəbbüsləri müzakirə etdik. Bu məsləhətçi orqan, KOB-ların, assosiasiyaların və dövlət qurumlarının nümayəndələrini bir araya gətirərək, bu mühüm iqtisadi hədəflərin reallaşmasında təməl rol oynayacaq”. SİA xəbər verir ki, bunu KOBİA-nın və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) təşkilatçılığı ilə AQEM-in Biznes Şurasının 8-ci Plenar iclası zamanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Yaratma Tədbirləri üzrə Konfransın (CICA) Baş katibi, səfir Kayrat Sarıbay deyib.

Onun sözlərinə görə, KOB-ların inkişaf etdirilməsi yolları üzrə müzakirələri təşviq etməkdən məmnunam: “KOB-lar iqtisadiyyatımızın onurğa sütununu təşkil edir, innovasiyaların hərəkətverici qüvvəsi kimi çıxış edir, məşğulluq yaradır və qitə miqyasında dayanıqlı iqtisadi inkişafa töhfə verirlər”.

Həmçinin o qeyd edib ki, bu sahədə etimad quruculuğu tədbirlərinin inkişafına yönəlmiş bir sıra diqqətəlayiq təşəbbüslər irəli sürmüşdür. Bu təşəbbüslərə biliklərin paylaşılması və üzv dövlətlər arasında nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması ilə bağlı etimadın formalaşdırılması da daxildir. Həmçinin, kadrların təlim prosesində iştirakının artırılması, inkişaf etdirilmiş dərin formatlara bazar çıxışının asanlaşdırılması üzrə tədbirlər də nəzərdə tutulmuşdur.

Bundan əlavə, Beynəlxalq Telekommunikasiya İttifaqının qlobal tədbirləri çərçivəsində AQEM üzv dövlətləri üçün rəqəmsal transformasiya və innovasiyalar üzrə forum, eləcə də kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış mütəxəssislər üçün təlim proqramları təşkil olunur. Bütün bu təşəbbüslər AQEM üzvləri üçün rəqəmsal innovasiyaların təşviqinə yönəlib.

Ticarət palatasının AQEM Qadınlar Şurasının yaradılması təşəbbüsü bu sahədə üzv dövlətlər arasında səmərəli əməkdaşlıq və dialoqun institusional səviyyədə qurulmasına yönəlmiş konkret addımdır. Bu təşəbbüs qadınların qərarqəbuletmə proseslərində fəal iştirakını da özündə ehtiva edir”.