Örtüklü istirahət yoxsa açıq istirahət?
Ölkəmizə hər il yüzlərlə, minlərlə turist axını olur. İstər Avropa ölkələri olsun, istər Asiyadan gələn turistlər olsun, istərsədə Ərəbistan yarımadasından və İrandan gələn turistlər hər zaman Azərbaycana maraq göstərib. Lakin Ərəbistan və İrandan gələn turistlərdə hər zaman bir hal müşahidə olunur. Öz ölkələrində sərbəst və rahat ola bilməyən turistlər buarada özlərini çox rahat və sərbəst aparır və qadınları orada məcburi taxdığı baş örtülərini buarada açırlar. Bu mövzu ilə bağlı SİA-da paytaxt sakinlərinin fikrlərini öyrənməyə çalışıb.
Şəhər sakini Arifə Məhiyyədinova: “Mənim fikrimcə, gələn o turistlərin davranışı özlərindən asılıdır. Orada olan rejim belə olduğu üçün məcburdurlar başlarını bağlayırlar, örtük geyinirlər. Lakin bura gəldikdə, onlar sərbəst bir həyat yaşamağa başlayırlar.Amma mənim fikrimcə, onlar səhv mövqedədirlər. Ona görə ki, necə olur sən öz ölkəndə başını bağlayırsan, rejimdən qorxduğuna görə çarşaflara bürünürsən, amma bura gələndə “rejimdən çıxmışam” deyib, niyə açıq gəzirsən? Bəs Allahımız bizə baxır axı! Allah qarşısında bu günahdır. Deməli, bunlar Allahdan yox, öz ölkələrində olan rejimin bəndələrindən qorxurlar.Axı Allah bizə qəlbimizdən də yaxındır. Elə bu dəqiqə də Allahımız bizə qulaq asır və bizi görür. Sən indi oradan gəlib burada örtüyünü açmaqla nə qazanırsan ki? Necə həyatını davam etdirmisənsə, indi də elə həyatını davam etdir də.Qaldı ki, onların bizim ölkəmizə gəlməyinə – mən belə başa düşürəm ki, bu, ölkəmiz üçün xeyirlidir. Amma yenə də yaxşı olardı ki, öz əvvəlki geyimlərində hərəkət etsinlər.”
Şəhər sakini Murad Adiloğlu: “Azərbaycan elə bir ölkədir ki, yəni tolerant ölkədir. Burada bütün dinlər, bütün xalqlar hamısı rahat, sərbəst şəkildə gəzib-dolana bilirlər. Hər kəs özünü burada rahat, sərbəst şəkildə hiss edib gəzə, əylənə bilər. Bu baxımdan, bizim ölkədə bu məsələlərlə bağlı heç bir sərhəd yoxdur.Qaldı ki, Azərbaycana gələn turistlərdən söhbət gedirsə məsələn, İrandan və ya Ərəbistandan gələn turistlər bir rejimin təsiri altındadırlar. O rejimdə isə qanunlardan biri də qadınların örtüyünün mütləq şəkildə olmasıdır. Onlar öz ölkələrində bu rejimə görə çox da sərbəst yaşaya bilmirlər.Buna görə də Azərbaycanda və digər ölkələrə istirahətə getdikdə başlayırlar o örtükləri açmağa və bu zaman belə bir vəziyyət yaranmağa başlayır. Orada şəriət qanunları, din qanunları tamamilə başqa cürdür.Deyirlər, məsələn, İran İslam ölkəsidir. Amma İranın özündə də spirtli içkilərdən, tütün məmulatlarından istifadə edirlər. Onun üçün də onların gəlib burada belə etməkləri daha normaldır.”
Şəhər sakini Azadə Əhmədova: “Rejim deyəndə, din rejim deyil. Allahın əmri ümumiyyətlə hamıya aiddir. Yəni qadınlar başlarını bağlamalıdırlar. Allah-Təala Qurani-Kərimdə bir neçə ayədə buyurub ki, qadınlar başlarını bağlamalıdırlar.Amma bu qadınlar bura gəlib başlarını açıblarsa, deməli, Allahın şərtindən – haram olan şeydən – qaçırlar. Deməli, din onların qəlbinə tam yeriməyib. Onlar müsəlmandırlar, amma günahkar, asi müsəlmanlardır.Əgər onlar bura gəlib Allahın qadağa qoyduğu şeylərdən çıxırlarsa, bu düzgün deyil. İnsanlar bəndədən daha çox qorxurlar, nəinki Allahdan. Amma Allahdan qorxmaq lazım deyil – Allaha inanmaq və hörmət etmək lazımdır.”
Şəhər sakini Mirrəhim Məcidov: “Ümumiyyətlə, Azərbaycan dünyəvi ölkədir. Bura gələndə çarşaf bağlamaya da bilərlər. Bizim qadınlarımız da çarşaf geyinmir. Yəni onlar da bizim qadınlarımızın həyat tərzinə uyğun olaraq özlərini aparmağa çalışırlar. Burada mən bir qəbahət görmürəm. Amma qaldı ki, öz ölkələrində niyə çarşafla, burada isə çarşafsız gəzirlər — o da onların ölkələrinin problemidir. Biz ona münasibət bildirə bilmərik. Biz onların ölkələrindəki daxili prosesləri bilə bilmərik. Hər ölkədə, orada yaşayan insanlar üçün qaydaları həmin ölkənin özü tərtib edir.Bununla bağlı mənim fikrimcə, biz heç nə deyə bilmərik.”
Şəhər sakini Ləman Namazova:“Öz ölkəsində yəqin ki, onlar belə gəzə bilməzlər. Məcburiyyət elə bir şeydir ki, ondan çıxa bilməzsən. Əlbəttə ki, öz ölkəsində çarşafı bağlayacaq. Amma bizim ölkə sərbəst və tolerant ölkədir. Qaldı ki, onların ölkəsindəki sistemə — orada sistem belə qurulub, rejim şəklində yaşayırlar. Biz də onların ölkəsinə getsək, məcbur olub çarşafa bürünməliyik. Orada da biz açıq gəzə bilmərik ki. Ona görə də hər şey qarşılıqlıdır. Mənim fikrimcə, onları qınaq obyektinə çevirmək düzgün bir addım deyil.”
Şəhər sakini Əzizə Rəhimova: “Onların bunu öz içlərindən istəmələri lazımdır. Əgər sən öz ölkəndə başını bağlayırsansa, gərək xaricə çıxanda da başı bağlı gəzəsən. O, başını özünə aid olaraq bağlamır ki, Allaha xatir bağlayır. Ona görə mənə elə gəlir ki, həm İrandan, həm də Ərəbistandan gələnlərin bu hərəkəti düzgün deyil. Allaha xatir başlarını bağlamalıdırlar. Onlar bura əylənməyə, kef etməyə gəlmirlər. Mənə elə gəlir ki, başı bağlı halda da əylənib istirahət etmək mümkündür. Mən belə edən insanlara çox pis baxıram. Bu, yaxşı bir hal deyil.”