“Qadının əmək fəaliyyəti ailə ilə uzlaşmalıdır”
“Ailə sosial bir birlikdir və ənənəvi olaraq qadın və kişidən ibarət olur”. Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.
O bildirib ki, fərqli cəmiyyətlərdə ailənin quruluşu, qadın və kişinin hüquq və vəzifələrinə yanaşmalar müxtəlif olsa da, bir həqiqət var ki, qadınlar və kişilər hər zaman çalışmışlar. Zaman-zaman ailədə qadın və kişinin roluna yanaşmaların fərqli olması inanc və mental dəyərlərə görə dəyişmişdir. İbtidai icma quruluşunda da kişilər ov edər, qadınlar isə uşaqlara baxıb yemək hazırlamaqla məşğul olardılar. Bu gün də qadınların işlədiyi bir dövr mövcuddur, ancaq bunun müasir cəmiyyətdə necə baş verdiyi xüsusi diqqət tələb edir.
Sual konkret olaraq bu günkü cəmiyyətimizdə qadınların işləməsi ilə əlaqədardır və bu məsələyə daha ətraflı yanaşılmalıdır. Qadınların təhsil alması və işləməsi vacibdir. Kapitalizm dövrü ilə əlaqədar olaraq ailənin maddi tələbləri artmışdır. Bir çox ailələrdə kişilərin gəliri ailənin əsas təminatını ödəmək üçün kifayət etmir. Övladlar dünyaya gəldikdən sonra bu tələbatlar daha da artır. Uşaqlar böyüdükcə onların yalnız yemək və içmək ehtiyacları deyil, həm də təhsilinə sərmayə qoymaq zərurəti yaranır. Buna görə qadınların işləməsi ailənin sosial rifahına müsbət təsir edir.
Bu məsələyə yanaşarkən bir sual doğur: “qadınlar harada işləməlidir?” Azərbaycanlı ana obrazı bir çox hallarda müəyyən peşə və ya işlərə uyğunlaşdırılmışdır. Azərbaycanlı ana əxlaqlı, həyalı, imanlı və ailəsinə bağlı bir obraz kimi qəbul edilir. Lakin cəmiyyətdəki bəzi təzyiqlər və mental dəyərlər nəzərə alındıqda, ana obrazının zərər görməməsi üçün qadınların müəyyən işlərdə çalışması lazımdır. Normal azərbaycanlı kişi qadınların diskotekalarda ofisiant olaraq sərxoş kişilərə xidmət etməsini və buna bənzər digər işlərdə çalışmasını doğru hesab etmir. Cəmiyyətimizin böyük əksəriyyəti müsəlman olduğu üçün dini və əxlaqi dəyərlərə hörmətlə yanaşılmalıdır. Xanımlar yalnız o sahələrdə işləməlidirlər ki, əxlaqlarına xələl gəlməsin, şərəfləri və namusları qorunsun. Eyni zamanda, işə görə ailələrin dağılması halları da mümkündür. Buna görə də qadınların seçimləri hər zaman diqqətlə düşünülməlidir.
Azərbaycanlı qadınlar, mənim fikrimcə, həkim, tibb bacısı, müəllimə, gözəllik salonlarında və s. bu kimi peşələrdə çalışmalıdırlar. Mənə görə ehtiyacdan küçə süpürən xanımlarımız barlarda ofisiant işləyən qadınlardan daha hörmətlidirlər. Düşünün ki, qadın həyat yoldaşına dəstək olmaq məqsədilə çalışır, amma bu iş ailənin dağılmasına səbəb olmamalıdır. Belə işlərdə qadın qətiyyən çalışmamalıdır.
Başqa bir məsələyə də diqqət yetirmək lazımdır: qadın işləyərkən bəzi hallarda iqtisadi asılılıqdan çıxdıqdan sonra evdə dominantlıq etməyə meyl edir. Evdəki hər xırda münaqişədə özünün pul qazandığını, ailəyə dəstək olduğunu həyat yoldaşına bildirir. Bu, kişinin qüruruna xələl gətirir və evlilikdə gərginliyə səbəb olur. Qadın nə qədər iqtisadi cəhətdən müstəqil olsa da, evdə ərinin söz sahibi olduğunu unutmamalıdır. Bu, eyni zamanda, Azərbaycan ata mühitini qorumağa kömək edir.
Qadınların işləməsində digər bir problem də övladların tərbiyəsidir. Hər kəsin dayə tutmağa imkanı yoxdur və buna görə də ana uşaqla daha çox vaxt keçirməli və onu tərbiyə etməlidir. Uşağın ilkin tərbiyəsi çox vacibdir, çünki bu yaşda olan uşaqlara göstərilən diqqət onların gələcək həyatında mühüm rol oynayır. Ana işləməyə başladıqdan sonra bu tərbiyə boşluqları yarana bilər. Buna görə, qadının işləməsi vacib olsa da, işin növü, vaxtı və tərbiyə ilə əlaqəli məsələlər də nəzərə alınmalıdır.
Beləliklə, qadının işləməsi məsələsi yalnız sosial və iqtisadi baxımdan deyil, həm də ailəvi və əxlaqi prinsiplərlə bağlıdır. Qadınlar işləməli, amma bu işin həm özlərinin, həm də ailənin rifahına müsbət təsir etməsi üçün diqqətlə seçilməlidir. Qadının işləməsi ailədə qadın və kişinin yerinin səhv salınmasına, övladların tərbiyəsinə xələl gətirməsinə, ailənin dağılmasına gətirib çıxarmamalıdır.
Müəllif: Günel Fərzəliyeva