Sosial

Audiovizual Şurada televiziya yayımçılarının nümayəndələri ilə görüş keçirilib


Audiovizual Şurada dövlət büdcəsindən maliyyələşən, habelə ictimai yayımçı statusuna malik olan ümumölkə yerüstü televiziya yayımçılarının nümayəndələri ilə görüş keçirilib. Şuradan SİA-ya verilən məlumata görə, görüşdə 2025-ci il aprelin 11-də qüvvəyə minən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və həmin dəyişikliklərə əsasən informasiya proqramlarında işarət dilinin tətbiqi məsələsi müzakirə olunub. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna əlavə edilmiş 12-1-ci maddənin tələbləri ilə bağlı yayımçılara geniş məlumat verilib, Qanunun tələblərinin yerinə yetirilməsinin təmin olunması mərhələləri ətrafında fikir mübadiləsi aparılıb.

Yayımçıların nümayəndələri qeyd olunan istiqamətdə intensiv işlərin həyata keçirildiyini və yaxın zamanlarda televiziya kanallarında praym-taym zamanı yayımlanan informasiya proqramlarının işarət dili tərcüməsi ilə müşayiətinin təmin ediləcəyini bildiriblər.

Müzakirələrin sonunda həyata keçirilən işlərlə bağlı daimi əlaqənin saxlanılması, bu istiqamətdə mövcud çətinliklər və onların qarşılıqlı əməkdaşlıq formatında aradan qaldırılması ilə bağlı razılıq əldə olunub.