Azərbaycan Cənubi Qafqaz və Xəzər regionunda əsas aktordur
Niderlandda Azərbaycanın potensialı, Cənubi Qafqazda liderliyi və Xəzər regionunda əsas rolu barədə məlumatlılığı artırmaq lazımdır. SİA xəbər verir ki, bunu Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadə “The Holland Times” nəşrinə müsahibəsində deyib.
Diplomat xatırladıb ki, bu il Azərbaycan və Niderland diplomatik əlaqələrin qurulmasından 33 illiyini qeyd edir.
O bildirib ki, 2000-ci illərdə qarşılıqlı səfirliklərin təsis edilməsi əlaqələrə təkan verdi, rəsmi səfərlərə, qarşılıqlı sərmayələrə, mədəniyyət və təhsil mübadilələrinə zəmin yaradıb: “Niderlanddakı Azərbaycan icması ölkələrimizi birləşdirən körpü rolunu oynayır. Niderlandın yüksək keyfiyyətli təhsil sistemi ölkənizi çoxsaylı azərbaycanlı tələbələr üçün ən yaxşı istiqamətlərdən birinə çevirib. Bununla belə, böyük potensial istifadə olunmamış qalır. Hesab edirəm ki, Niderlandda bu potensial, Azərbaycanın həqiqətləri, onun Cənubi Qafqazdakı liderliyi və Xəzər hövzəsindəki açar rolu və daha geniş regiona, o cümlədən Mərkəzi Asiyaya qapı kimi strateji mövqeyi haqqında məlumatlılıq məhduddur. Bundan əlavə, keçmiş Ermənistan-Azərbaycan münaqişəsi və münaqişədən sonrakı vəziyyətlə bağlı qavrayışlara dezinformasiya və saxta xəbərlər çox təsir edib”.
“Son müddət ərzində hökumət səviyyəsində, o cümlədən xarici işlər nazirləri arasında keçirilən görüşlər və təmaslar, eləcə də xarici işlər nazirlikləri arasında Bakıda aparılmış siyasi məsləhətləşmələr bizim mövqeyimizi və regionumuzdakı reallıqları anlamağa çox kömək edib. Bütün bunlar həm də ümumi maraq doğuran məsələlərin müzakirəsinə və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə imkan yaratdı. Artıq müsbət nəticələr də görünür”, – səfir vurğulayıb.