İqtisadiyyat

Azərbaycanda “İstehsalat binaları. Layihələndirmə normaları” təsdiqlənib


Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası “İstehsalat binaları. Layihələndirmə normaları”nı təsdiq edib. SİA xəbər verir ki, bununla bağlı Kollegiyanın sədri Anar Quliyev yeni qərar imzalayıb.

Qərara əsasən, binanın həcm-planlaşdırma və konsruktiv həlləri insanların mütəhərrik qurğulardan, texnoloji və mühəndis avadanlığından istifadə prosesində zədələnmə hallarını istisna edilməli, eləcə də inşaat konstruksiyaları mümkün təhlükəli təsirlər nəzərə alınmaqla uzunömürlü və etibarlı olmalıdır.

Bundan başqa, yerləşgələrdə döşəmə örtüyündən tavanın çıxıntı konstruksiyasının aşağı hissəsinə kimi hündürlük 2,2 m-dən, insanların müntəzəm olaraq keçdiyi yerlərdə və təxliyə yollarında döşəmədən kommunikasiya və avadanlıqların çıxıntı hissələrinin aşağısına kimi hündürlük 2 m-dən və insanların qeyri-müntəzəm olaraq keçdiyi yerlərdə isə 1,8 m-dən az olmamalıdır. Binaya avtomobillərin daxil olmasına zərurət olduqda konstruksiyanın, kommunikasiya və avadanlıqların çıxıntı hissələrinin aşağısına kimi keçidin hündürlüyü 4,2 m-dən, yanğınsöndürən avtomobillər üçün isə 4,5 m-dən az olmamalıdır.

Həmçinin yerin planlaşdırma səviyyəsindən, yuxarı mərtəbənin döşəməsinin (texniki mərtəbə istisna olmaqla) səviyyəsinə qədər hündürlüyü 15 m-dən artıq olan və 15 m-dən artıq səviyyə fərqində növbədə 3 dəfədən artıq xidmət olunması zərurəti olan daimi iş yerləri və ya avadanlıqlar mövcud olan çoxmərtəbəli binalarda sərnişin liftləri nəzərdə tutulmalıdır. Yük liftləri layihənin texnoloji bölməsinə uyğun olaraq nəzərdə tutulmalıdır. Liftlərin sayı və yükqaldırma gücü sərnişin-yük axınından asılı olaraq qəbul edilməlidir. 15 m-dən yuxarıda yerləşən bütün mərtəbələrdə işləyənlərin sayı (daha çoxsaylı növbədə) 30-dan artıq olmadıqda binada bir lift nəzərdə tutulmalıdır.

Birinci və daha yuxarı mərtəbələrdə təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslərin əməyi nəzərdə tutulan yerləşgələr olduqda və onlar üçün birinci mərtəbədə iş yerləri təşkil etmək mümkün olmadıqda sərnişin lifti nəzərdə tutulmalıdır. Lift kabinəsinin ölçüləri aşağıdakılardan az olmamalıdır:

– eni-1,1 m-dən;

– dərinliyi-2,1 m-dən;

– qapı açırımının eni-0,85 m-dən.

Komitənin Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.