İqtisadiyyat

“Banklar iqlim dəyişikliyinə qarşı mübarizədə aktiv rol oynayır”


“İqlim dəyişikliyi, qlobal problemlərdən biri olaraq iqtisadiyyata, cəmiyyətə və maliyyə sektoruna təsir edir. Bu dəyişikliklərə uyğunlaşan banklar, ekoloji və sosial məsuliyyətlərini yerinə yetirmək üçün yeni maliyyə alətləri və investisiya strategiyaları tətbiq edirlər”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Beynəlxalq bankında Biznes kreditlər üzrə ekspert Fərid Tanrıverdiyev deyib.

Onun sözlərinə görə, banklar iqlim dəyişikliyinə qarşı mübarizədə aktiv rol oynayır: “Onlar yalnız iqtisadi məqsədlərlə deyil, həm də ekoloji və sosial məqsədlərlə fəaliyyət göstərir. Banklar, iqlim riski və qeyri-müəyyənliklərə uyğun olaraq investisiya və kredit strategiyalarını formalaşdırır, ekoloji cəhətdən dayanıqlı layihələrə maliyyə dəstəyi təklif edirlər.

Yaşıl kreditlər, ətraf mühitin qorunmasına yönəlmiş maliyyə məhsullarıdır. Bu kreditlər bərpa olunan enerji, ekoloji infrastrukturlar və su təmizləmə kimi sahələrdə tətbiq olunur. Banklar bu kreditlərlə iqlim dəyişikliyinin təsirlərini azaltmağa və ekoloji dayanıqlılığı artırmağa çalışırlar”.

Ekspert qeyd edir ki, sosial məsuliyyətli investisiyalar (SRI), yalnız maliyyə gəliri deyil, həm də sosial və ekoloji məsuliyyətləri nəzərə alır. Banklar bu yanaşma ilə investisiya portfellərini, dayanıqlı və etik şirkətlərə yönəldirlər. Bu, həm müştərilər, həm də cəmiyyət üçün uzunmüddətli faydalar təmin edir.

Banklar, iqlim dəyişikliyinə qarşı mübarizədə mühüm rol oynayır. Yaşıl kreditlər və sosial məsuliyyətli investisiyalarla, banklar həm ekoloji, həm də sosial məsuliyyətlərini yerinə yetirir, eyni zamanda uzunmüddətli maliyyə dayanıqlılığını təmin edirlər”- deyə o əlavə edib.