İqtisadiyyat

Banklar müştərinin icazəsi olmadan bank kartından sığorta pulu çıxara bilərmi?


“Ümumiyyətlə, banklar kredit sığortası ilə əməkdaşlıq edirlər, xüsusən də uzunmüddətli kreditlərdə. Məsələn, sizin ipoteka kreditiniz varsa, ipoteka kreditini ödəmədən əvvəl əmlak sığortanızı və həyat sığortanızı ödəməlisiniz. Əmlak sığortası mütləq şəkildə olmalıdır, həyat sığortanız varsa, kreditdən əvvəl ödənməlidir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib.

Onun sözlərinə görə, yəni kredit ödəyə bilmirsinizsə, həyat sığortasını da ödəyə bilmirsiniz: “İlk olaraq həyat sığortası ödənir, sonra kredit ödənilmiş sayılır və aktivləşir. Yəni, həmin vətəndaş da yəqin ki, o səlahiyyətləri banka verib. Hətta banka icazə verib ki, vaxtı keçərsə, öz hesabından vəsait silinə bilər. Bütün hesabındakı əməliyyatlara dair banka qarşı öhdəliklər götürüb və bankın “akseptsiz” (yəni, icazə olmadan) vəsait silməsi barədə razılıq verib. Əgər belə icazə verməsəydi, bank bunu edə bilməzdi. Yəni, bu icazələri özü könüllü şəkildə verib. Qanunvericilikdə bankın özbaşına vəsait silmək hüququ yoxdur – bu hüquq yalnız müvafiq müqavilə çərçivəsində mümkündür. Vətəndaş mütləq şəkildə kredit götürərəkən müqaviləsi ilə yaxından tanış olmalıdır. Kredit götürəndə imzalatdırılan sənədlərin içində bu hallar aydın şəkildə göstərilir.