Küləkli hava şəraiti davam edir
Mayın 21-i saat 17:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir saniyədə Bakıda və Abşeron yarımadasında 25-28, Gəncədə 18, Sabirabadda 17, Kəlbəcərdə 16, Bərdə və Biləsuvarda 15 metrədək güclənir.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 20, Aran rayonlarında 27, Naxçıvan Muxtar Respublikasında 28, dağlıq rayonlarda isə 19 dərəcəyədək isti qeydə alınıb.
Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin mayın 22-dək davam edəcəyi gözlənilir.