“Qərbi Azərbaycana qayıdış bütün Türk dünyasının məsələsidir…”
Qərbi Azərbaycana qayıdış mövzusunda beynəlxalq konfransın Ankarada baş tutması Qərbi Azərbaycan həqiqətlərinin və soydaşlarımızın qayıdış hüququnun Türkiyə ictimaiyyətinə çatdırılması yolunda çox mühüm rol oynayacaq.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu fikirləri Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli səsləndirib.
Mayın 21-də Türkiyə paytaxtında keçirilən “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda konfransın əhəmiyyətini vurğulayan Əziz Ələkbərli əmin olduğunu bildirib ki, qardaş Türkiyə bütün sahələrdə olduğu kimi, Qərbi Azərbaycan məsələsində də ölkəmizin yanında olacaq.
Həm erməni zülmündən, həm də sovet rejimindən qaçan çox sayda Qərbi azərbaycanlı soydaşımızın vaxtilə Türkiyəyə köçdüyünü diqqətə çatdıran İcma rəhbəri deyib: “Belə insanların sayı milyonlarladır. Onlar Qərbi Azərbaycana qayıdış ideyasının təbliğində mühüm rol oynaya bilər və bu istiqamətdə aparılan işlərə cəlb olunmalıdır”.
O bildirib ki, Qərbi Azərbaycan İcması yarandığı gündən bəri qarşısındakı ilk vəzifələrdən biri Qərbi Azərbaycan həqiqətlərini, bu bölgədən müxtəlif dövrlərdə qovulmuş insanların qayıdış hüquqlarının beynəlxalq ictimaiyyətə çatdırılmasıdır.
“Belə böyük tədbirlərin Ankara ilə yanaşı, Türkiyənin başqa şəhərlərində də keçirilməsini planlaşdırırıq. Artıq bu istiqamətdə işlər gedir”, – deyə İcma rəhbəri ifadə edib.
O, həmçinin qeyd edib ki, xarici ölkələrdə Qərbi Azərbaycan icmasının nümayəndəliklərinin açılması məsələsi gündəmdədir.
İcma rəhbərinin sözlərinə görə, artıq Avropanın müəyyən ölkələrində nümayəndəlikləri açılıb və fəaliyyət göstərir. “Buna misal kimi Fransa və Niderlandı göstərə bilərəm. Şübhəsiz ki, biz hələ yolun başlanğıcındayıq. Nümayəndəliklər sadəcə Qərbi azərbaycanlıların yaşadıqları ölkələrdə deyil, bütün dövlətlərdə açılmalıdır. Biz bunda maraqlıyıq. Çünki bu, Azərbaycanın ümummilli məsələsidir, bu Türk dünyasının məsələsidir”, – deyə Ə. Ələkbərli vurğulayıb.