Dünya

“Rusiya NATO ilə klassik müharibədə uduzacağını anlayır…”





Mümkün müharibə Ukraynada baş verənlər kimi olmayacaq…



…Ukraynada Rusiya ordusunun Kiyevi ələ keçirib hökuməti “üç günə” dəyişmək niyyətində olduğu “blitskrieg” uğursuzluqla başa çatdıqdan sonra müharibə illərlə uzandı, ağır itkilərlə amansız toqquşmaya çevrildi.

SİA-nın məlumatına görə, Amerikanın “Foreign Policy” nəşri yazır ki, Ukrayna cəbhəsindəki çətinliklərə baxmayaraq, Rusiyadan NATO-ya təhlükə qalmaqdadır və başqa forma alır.

Qərb hərbi analitiklərinin fikrincə, NATO ilə münaqişə yaranarsa, Rusiya çətin ki, Ukraynada olduğu kimi genişmiqyaslı işğala və əraziləri ələ keçirməyə cəhd etsin. Kremlin əsas məqsədi çox güman ki, NATO-nu səmərəsiz struktura çevirmək üçün Alyansın siyasi və hərbi birliyini pozmaq olacaq.

Ehtimal edilən ssenarilərdən biri Baltikyanı ölkələrdən biri kimi həssas NATO üzvünə məhdud şəkildə müdaxilə ola bilər. İşğaldan sonra Alyansın eyni vaxtda taktiki nüvə silahlarını yerləşdirmək və onlardan istifadə etməyə hazır olduğunu bəyan etməklə ərazini azad etməyə cəhd edəcəyi təqdirdə Moskva nüvə eskalasiyası ilə hədələyə bilər.

…Bu, aqressiv “nüvə müdafiəsi” strategiyasıdır: onu geri qaytarmağa cəhd etsəniz, arxadan zərbə alacaqsınız, – analitiklər qeyd edirlər.

Bundan əlavə, Rusiya Avropanın dərinliklərində mülki infrastruktura zərbələr endirərək təzyiqi artıra bilər. Kiberhücumlar, təxribat və hibrid müharibənin digər formalarından istifadə edilə bilər.

…Eyni zamanda, Kreml, bütün NATO-nun qeyd-şərtsiz təslim olmasını gözləmir. Moskva Şərqi Avropa ölkələrindən sərt cavab gözləyir, lakin Qərbi Avropa və ABŞ-da tərəddüdlərə ümid edir.

Moskvanın fikrincə, siyasi liderlər öz ərazilərində risklərdən və dağıntılardan qaçmaq üçün hərbi cavabdan çəkinə bilərlər. …Əgər bir NATO ölkəsi belə zədələnmiş müttəfiqinə dəstək verməsə, bu, alyansın dağılması demək olacaq

Bunu ekspertlər xəbərdarlıq edir.

Münaqişənin başlaması üçün əsas amil orduların sayı deyil, Kremlin NATO-nun uzunmüddətli müqavimətə və yüksək itkilərə hazır olmadığına inamı ola bilər. Ukraynadakı uğursuzluqlara baxmayaraq, analitiklər hesab edirlər ki, Rusiya rəhbərliyi Avropanın müharibədən sonrakı strukturuna yenidən baxmaq və postsovet məkanında nüfuzunu bərpa etməkdə qərarlıdır.

ABŞ və müttəfiqlərinin cavab verməkdə ləng ola biləcəyi və ya “təslim ola biləcəyi” qorxusu fonunda Avropada təcili səfərbərlik, yenidən silahlanma eləcə də şərq cinahın gücləndirilməsi çağırışları artır.

…Rusiya Ukraynada müharibə bitdikdən sonra altı ay ərzində hücum edə bilər.

Bunu Danimarka Müdafiə Nazirliyi xəbərdarlıq edib.

Rusiya ilə NATO arasında mümkün müharibə Ukraynada baş verənlər kimi olmayacaq. Bu, orduların klassik qarşıdurması deyil, parçalanma və qorxu oyunu olacaq.

Ekspertlər hesab edir ki, Alyans nə qədər tərəddüd etsə, Kremlin riskə getmə şansı bir o qədər yüksəkdir.

Əli Babayev