Uşaqların bağçaya getməsi uşaqlar üçün nə üçün önəmlidir?
“Bu, çox gözəl və vacib mövzudur. Nəyə görə? Çünki söhbət övladlarımızın gələcəyindən, onların həyata və cəmiyyətə uyğunlaşmasından gedir. İnsan həm bioloji, həm də sosial varlıqdır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib
Onun sözlərinə görə, sosial varlıq kimi isə insanın formalaşması əsasən 3-6 yaş dövründə, yəni uşaq bağçasına getdiyi müddətdə başlayır: “Bu dövr uşaqların sosiallaşma prosesinin əsas mərhələsidir. Nəyə görə uşaqlar bağçaya getməlidirlər? Çünki burada onlar yaşıdları və böyüklərlə ünsiyyət qurmağı, hörmət etməyi, qaydalara əməl etməyi öyrənirlər. Evdə uşaq valideynlərinə alışdığı üçün ərk edə bilər, lakin bağçada müəllim nizam-intizamla uşaqları istiqamətləndirir. Bu isə gələcəkdə uşağın məktəbə, cəmiyyətə və iş həyatına uyğunlaşmasında mühüm rol oynayır. 3-6 yaş dövrü uşaqlar üçün rollu oyunlar vasitəsilə öyrənmə dövrüdür. Bu oyunlar uşaqların psixoloji adaptasiyasına, düşüncə və davranış bacarıqlarının inkişafına çox müsbət təsir edir. Məhz bu səbəbdən 2014-cü ildə mən uşaqların bağçaya hazırlanması üçün valideynlərin diqqət etməli olduqları 13 qayda tərtib etmişdim. Bu qaydaları tətbiq edən bir neçə özəl bağça var idi və illərdir bu sistem uğurla işləyir”.
Psixoloq sözlərinə davam edərək bildirib ki, digər mühüm məqam isə bağça rejiminin uşağın gələcək planlı həyat tərzinə hazırlıq funksiyası daşımasıdır: “Məsələn, səhər vaxtında oyanmaq, müəyyən saatlarda yemək və oyun, nizamlı yatmaq – bütün bunlar gələcəkdə məktəb və iş həyatında uşağın daha məsuliyyətli və nizamlı olmasına kömək edir. Bağçada başlayan bu disiplin məktəbdə, daha sonra ailə həyatında və iş mühitində davam edir. Nəticədə bu sistemli yanaşma uşağın sağlam psixoloji və sosial inkişafına səbəb olur və o, gələcəkdə cəmiyyətə yararlı bir fərd, gözəl bir ailə sahibi ola bilər”.