Sosial

Vaxtından əvvəl nübar, yoxsa orqanizmdə yaranacaq azar?


Sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynovanın SİA-ya müsahibəsini təqdim edirik:

– Mövsümi olmayan meyvə və tərəvəzlərin qəbulu ziyandır?

– Bizim hər mövsümə uyğun meyvə və tərəvəzlərimiz zəngindir. Artıq may ayındayıq, çiyələyin, alçanın mövsümü gəlib çatıb. Bir çox insanlar bu meyvə-tərəvəzlərdən bəzən miqdarından artıq qəbul edirlər ki, bu da onlarda mədə-bağırsaq sisteminin pozulmasına gətirib çıxarır. Yaxşı olar ki, hər bir insan birinci növbədə qidaya qarşı həssaslığının, allergiyasının olub-olmadığını bilsin. Bu qidaları alarkən daha çox yerli, mövsümündə yetişdirilmiş olduğuna diqqət etsinlər. Çünki həmin meyvələrin bu gün biz istixana şəraitində yetişdirilənlərini də görürük. Xüsusilə, çiyələklər daha çoxdur. Belə olan halda həmin qidaları immun sistemi zəif olan insanlar, azyaşlılar qəbul etdikdə allergiya ilə yanaşı, həm də tərkibindəki kimyəvi maddələrə qarşı da yüksək həssaslıq yaranır. Bu da bir çox hallarda zəhərlənmə ilə nəticələnir. Ona görə mütləq keyfiyyətli, yerli, mövsümə uyğun olmasına diqqət etsinlər. Gün ərzində də 200-250 qramı keçməmək şərti ilə qəbul etmək lazımdır. Balans nisbəti gözlənilməlidir. Bəzən görürük ki, bəyənirlər deyə, alçanı yarım kilodan da çox qəbul edirlər. Bu da fəsadlara yol aça bilir. Bağırsaqların funksiyası pozulur, qan tərkibi dəyişir. Ona görə, mütləq miqdara diqqət etsinlər.

– Bir çox hallarda allergiyalardan həyatımız boyu xilas ola bilmirik. Bununla bağlı tövsiyələriniz nədir?

– Alçanın tərkibində antioksidantlar çox olduğu üçün mütləq onu tək qəbul etmək lazımdır. Dadlandırıcı olaraq alçaya duz əlavə edirlərsə, miqdarı keçəcəksə, orqanizmdə duz-su balansı pozulacaq. Kiçik yaşlı uşaqlara çiyələyi şəkər tozu ilə verirlər. Bu da qida vərdişinin pozulmasıdır. Hər hansı qidanı qəbul ediriksə, öz dadına uyğun sevilməlidir. Əks halda gələcəkdə uşaqlara çiyələyi tək verdikdə bu qida vərdişinin olmadığına görə davamlı olaraq şəkərdən istifadə edəcək. Bu da günlük şəkər miqdarını keçməsinə səbəb olacaq. Xroniki xəstəliyi olan insanlar var. Onlar bəzən təzyiqdən, şəkərli diabetdən əziyyət çəkənlərdir. Duz və şəkərin miqdarı keçirsə, xroniki xəstəliyin kəskinləşməsinə səbəb olacaq.

– Sağlam qidalanmaq üçün hansı məhsullardan uzaq durmaq lazımdır?

– Rəf ömrü uzun olan paketlənmiş qidalardan gündəlik qida kimi az istifadə olunmalıdır. Mümkün olduqca çox istifadə olunmamalıdır. Meyvə-tərəvəzləri qəbul edərkən gündəlik yerli, mövsümü olanlara diqqət etməliyik. Bişirilmiş yeməkləri qəbul ediriksə, yeni, istehlak olunacaq qədər bişirilməlidir. Köhnə, bayat yeməklərdən istifadə olunmamalıdır. Ağır, yağlı, çətin həzm olunan qidaları yaxşı olar ki, qəbul etməsinlər. Edəcəklərsə də günün birinci yarısında, günorta yeməyində qəbul etsinlər. Axşam daha yüngül, həzm olunan qidaları qəbul etmələri sağlamlıq üçün faydalı ola bilər. Eyni zamanda müxtəlif çeşidli şəkildə etmək lazımdır. Monoton olaraq eyni qidadan istifadə etmək onun faydalılıq xüsusiyyətini aşağı salır.

– Gün ərzində enerjili olmaq üçün hansı qidalara üstünlük verilməlidir?

– Birinci olaraq enerjimizi təmin edən suyu qeyd etmək istəyirəm. Çünki su gün ərzində lazımi miqdarda qəbul olunmadıqda qan dövranının sürəti aşağı düşür. Həm də orqanizmdən toksik maddələr kifayət qədər atılmadığı üçün insanlarda ruh düşkünlüyü, yorğunluq, yuxunun pozulmasına gətirib çıxarır. Bununla yanaşı mütləq günün birinci yarısında bir ovucu keçmədən faydalı çərəzlərdən istifadə edilməlidir. Hətta badamın tərkibindəki maqnezium və digər faydalı elementlər əhval-ruhiyyəni qaldırmaqla yanaşı yüngül baş ağrılarını da aradan qaldırır. Yaxşı olar ki, meyvələri qəbul etdiyimizdə doğranmış qəbul etmək tövsiyə olunan deyil. Böyük ölçülü meyvələrin dişlənərək yeyilməsi həm çənənin inkişaf etməsinə, həm də mərkəzi beyin sisteminin funksiyasını yaxşılaşdırır. Meyvələrin mənşəyi bəllidirsə, qabıqlı yeyilməsi tövsiyə olunandır. Bir çox hallarda xaricdən gətirilən meyvələrin uzun müddət yola dayanması üçün istifadə olunan parafinlər qabıqda toplanır. Ona görə də, bu meyvələri soysalar daha yaxşı olar.

– Allergiyaya səbəb nədir? Allergiyanın əsas əlamətləri nələrdir?

– Hər bir insan yaxşı olar ki, xüsusilə də valideynlər özlərində allergiya varsa, bunu uşaqda da yoxlatmalıdır. Çünki bəzi allergik reaksiyalar genetikdir. Ancaq bir çox allergik reaksiyalar mövsümlə, yaşla, insanın sağlamlıq dərəcəsinə görə dəyişə bilir. Qida allergiyası göbələyin tərkibindəki maddələrə qarşı həssaslıqdır, eyni zamanda lobya da allergiya yarada bilər. Dəniz məhsullarına qarşı allergiyası olanlar bunları müəyyənləşdirməlidir. Qan analizləri nəticəsində fərdi allergiyaları bilmək olur. Kimyəvi dərmanlara qarşı allergiyalar hətta ölümlə nəticələnə bilər. Bunu mütləq bilmək lazımdır. Əgər səyahətə, uzaq yerə gedirlərsə, qarışıq qidalardan uzaq durmalıdırlar.

– Xəstənin suya olan ehtiyacı necə qarşılanmalıdır? Çox su içmək yenidən arıqlamağa səbəb ola bilər?

– Su insan orqanizmində həm qəbul etdiyi qidaları, həm dərmanların parçalanmasına kömək etməklə yanaşı, zərərli maddələrin atılmasında da əsas rol oynayır. Ancaq hər bir insanın sağlamlıqda, xəstəlikdə, xəstəliyin müalicəsi zamanı qidalanma rejimi fərqlidir. Eyni zamanda qəbul edəcəyi qida miqdarı fərqlidir. Əgər sağlam insan üçün su miqdarını hər kiloqram çəkiyə görə 0,30 qeyd ediriksə, bu, müəyyən xəstəlikləri olan üçün dəyişə bilər. O insanın fərqli sağlamlıq vəziyyətinə görə mütləq şəkildə müəyyənləşdirilməlidir. Müəyyənləşdirildikdən sonra artıq o miqdarı qəbul edə bilər. Bəzən qəbul etdikləri artıq bir stəkan su belə böyrək çatışmazlığına gətirib çıxara bilər. Ona görə də, mütləq bu məqamlara həssas yanaşmaq lazımdır.