“Bu əlamətdar günü böyük sevinc və qürur hissi ilə qeyd edirik”
“Qarşıdan Azərbaycanın 28 May – Müstəqillik Günü gəlir. Bu əlamətdar günü biz, müstəqil və suveren bir Respublika olaraq, böyük sevinc və qürur hissi ilə qeyd edirik. Ulu Öndər Heydər Əliyevin belə bir dəyərli ifadəsi var: “Müstəqilliyi qorumaq, onu əldə etməkdən çətindir”. Bu fikrin həqiqiliyini biz xalq olaraq bir əsrdə iki dəfə yaşamışıq”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib.
Onun sözlərinə görə, ötən əsrin əvvəllərində yaradılmış Azərbaycan Demokratik Respublikası cəmi 18 ay yaşaya bildi. Həm daxildən, həm də xaricdən olan təzyiqlər yeni qurulmuş gənc respublikanın mövcudluğuna mane oldu. Qısa müddətdə müstəqil respublika həm rus işğalı, həm də Qərbin məkirli siyasəti ilə üzləşdi və nəticədə süqut etdi. Növbəti 70 il ərzində xalqımız müstəqillik uğrunda mübarizə apardı, bu arzunu heç vaxt itirmədi.
Tarixi məqam yetişəndə, SSRİ-nin süqutu ərəfəsində, bir çox respublikalarda xalq ayağa qalxdı. Azərbaycan xalqı da öz haqlı səsini ucaltdı. Həmin dövrdə torpaqlarımızın ayrılmaz bir hissəsi olan Qarabağ da itirilmişdi. Bu itkilər, ağrılar xalqımızı yenidən müstəqillik uğrunda mübarizəyə səfərbər etdi. Meydanlara çıxan insanlar öz haqlarını tələb etdilər və nəticədə Azərbaycan ikinci dəfə müstəqilliyini elan etdi.
Lakin hər birimiz bilirik ki, bu, çox ağrılı və mürəkkəb bir proses idi. Müstəqilliyin elanından sonrakı 2-3 il ərzində Azərbaycan müharibə, xaos, vətəndaş qarşıdurması və iqtisadi tənəzzüllə üz-üzə qaldı. Ermənistanın işğalçılıq siyasəti və onun havadarlarının Azərbaycanı xəritədən silmək cəhdləri, ölkədə baş verən qarışıqlıq, hakimiyyət uğrunda mübarizə – bütün bunlar gənc dövlətin ayaq üstə durmasına imkan vermirdi. Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi”.
Deputat həmçinin qeyd edib ki, məhz belə bir ağır anda Azərbaycan xalqının xilaskarı, Ulu Öndər Heydər Əliyev xalqın istəyi ilə ikinci dəfə hakimiyyətə qayıtdı və böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi: “Onun hakimiyyətə qayıdışı ilə müstəqilliyimizin yeni, silinməz bir mərhələsi başlandı. Bu gün biz müstəqillik tariximizin növbəti ildönümü ərəfəsində ilk müstəqil respublikamızı quranları böyük rəhmətlə anırıq. Azərbaycanın bir əsr əvvəl müstəqilliyini elan etməsində və dövlətçiliyimizin təməlini qoymasında onların rolu əvəzsizdir. Onları heç vaxt unutmuruq.
Təsadüfi deyil ki, ölkə Prezidenti cənab İlham Əliyevin birbaşa tapşırığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə abidə ucaldılıb. Hər il 28 Mayda Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva həmin abidəni ziyarət edir, quruculara dərin ehtiramlarını bildirirlər. Bu münasibətlə, biz də Respublikanın layiqli davamçıları olan xalqımızı səmimi qəlbdən təbrik edirik. Müstəqil Azərbaycanın qurulmasında və qorunmasında müstəsna rol oynamış Ümummilli Lider Heydər Əliyevə sonsuz minnətdarlığımızı bildiririk”- deyə o əlavə edib.