Sosial

Gənclər bir-birilərini niyə öldürürlər?


“2025-ci ilin may ayında baş verən üç gəncin ölümü faktı psixoloqları, cəmiyyəti və bir ana kimi bizləri dərin narahatlığa salır. Eyni zamanda, cəmiyyətdə baxdığım güzgüdə ləkəli tərəfləri gördüyümdən, bir psixoloq kimi bu məsələyə toxunmağı özümə borc bilirəm”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Onun sözlərinə görə, çox təəssüf ki, gənclər arasında qurula bilməyən effektiv ünsiyyət problemləri və mənfi sosial münasibətlərin başlanğıcı artıq məktəb mühitindən başlayır. Təbii ki, dərsdən sonra müəllim hər bir şagirdin ardınca gedə bilməz: “Amma dərs zamanı psixoloji söhbətlərə, dostluq münasibətlərinin qurulmasına ehtiyac var. Bir-birimizi anlamadığımız halda, söhbət və qarşılıqlı dinləmə yolu ilə bu münasibətlərin mənfi nəticələrinin qarşısını almaq mümkündür. Üçüncü və ya dördüncü şəxslər iki nəfərin şəxsi münasibətlərinə müdaxilə etməməlidirlər.

Təəssüflə qeyd edilməlidir ki, bəzən ailələrdə də bu cür hadisələr müşahidə olunur. Üçüncü şəxslərin müdaxiləsi nəticəsində ər-arvad, bacı-qardaş arasında gərginlik yaranır. Bu söz-söhbətlərin kökündə isə aqressiya dayanır. Elə bir aqressiya ki, bu gün insanlar rahat şəkildə yuxusunu ala bilmir.

Əlbəttə, bu cür yazıları oxuyan şəxs cinayət törətmir. Əsl problem bizi oxumayan, dinləməyən və “bizə aid deyil” deyən insanlardadır. Əgər efirdə, iki ziyalının arasında belə dava-dalaş yaranırsa, bir ekspert — müəllim — başına gəlmiş faciəni danışarkən qınanılır və hücuma məruz qalırsa, bu artıq cəmiyyətin ciddi problemidir. Nəticə etibarilə yeniyetmələr sosial şəbəkələrdə — “TikTok”, “Facebook”, “Instagram” kimi platformalarda bu hallar ilə rastlaşır və onlarda belə bir düşüncə formalaşır: “Mən də bunu edə bilərəm.” Yeniyetmə görür ki, iki böyük insan efirdə belə mədəni davranmırsa, deməli, dava ilə hər şeyin öhdəsindən gəlmək olar”.

Psixoloq sözlərinə davam edərək bildirib ki, bu vəziyyətin əsas səbəblərindən biri sosial verilişlərdə ziyalıların davranış tərzidir. Baxın və görün, bir ziyalının məsləhətini dinləməyən şəxs telefonda həmin verilişin dava-dalaş hissəsini tapır, başqasına göstərir və bu da insanların həyat tərzinə mənfi təsir edir: Keçmişdə ailədə azacıq səs-küy olsaydı, insan evdən çıxanda utanardı. Uşaqlar belə utanardı, baş verənləri izah etməyə çalışardılar. Məsələn, biz oxuyanda olurdu ki, uşaqlar deyirdi: “Anam mənə qışqırdı, atam da anamın üstünə qışqırdı.” O zamanlar abır-həya var idi.

Amma indiki gənclik sosial verilişlərdən hansı tərbiyəni alır ki, biz bu gün ölüm hallarının qarşısını ala bilək? Mən də illərdir sosial proqramlarda iştirak edirəm və hər zaman çalışıram ki, ekspertlərə bildirəm: emosiyalarınıza hakim olun, dərdini danışan insanı dinləyin. Əgər o şəxs bizim düşündüyümüz kimi düşünsəydi, bu problemlərlə üzləşməzdi — bu mənim əsas şüarımdır.

Əsas və başlıca səbəb gənclər arasında sosial-iqtisadi münasibətlərin pozulmasıdır. Digər tərəfdən, sosial şəbəkələrdə ziyalıların mənfi münasibətləri, eləcə də valideynini aldadıb, “yatıram” deyərək bütün gecəni telefonda keçirən uşaqların sayı artır. Halbuki yuxu — insanın dirçəlişi, daxili rahatlığının təminatıdır. Yuxu rejiminin pozulması isə aqressiyanın davamlı olaraq artmasına səbəb olur”.